ÜMİD YAĞIŞI

Doğan Günəş ilə oyandım bu gün,
Yatmış arzularım birdən oyandı.
Unutdum kədəri, unutdum qəmi,
Gözümdə təbiət nura boyandı.

Quşların nəğməsi aldı könlümü,
Bir ümid yağışı yağdı gözümdən.
Sanki heç olmamış yazım, baharım,
Ömrümün amansız qışı üzündən.

Dərindən ah çəkib, aldım içimə,
Baharın ətrinə susamış kimi.
İllərdi həsrətəm gözəlliklərə,
Qürbətdə bir ömür yaşamış kimi.

Uzaqdan bu anda, bir nəğmə duydum,
Bir sevda nəğməsi məni səsləyir.
Bir sevgi atəşi doldu qəlbimə,
Yenidən sevməmə ümid bəsləyir.

Yarəbbi, hər kəsin ömrünə yağsın,
Bir inam yağışı, bir eşq naxışı.
Elə bir yağış ki, lap leysan olsun,
Yağsın dolu kimi ,”ÜMİD YAĞIŞI”.

Seadet Rzayeva Qerib
www.kafiye.net