AXISQA TÜRKLƏRİ, HARDASIZ İNDİ?

 

Demək ki, zəmanə tərsinə dönür
Turan şahlığının yeri görünür.
Oyan, Ey türk xalqı! Birlik günüdür.
Babanız düşməni hər zaman yendi
Axısqa türkləri, hardasız indi?

Getdim, Adıgünə bir axşamüstü.
Yandı qəlbim, gözdən ucaldı tüstü
Sizsiz gedişimə dağ – dərə küsdü
Pərvanə gölü də həsrətlə dindi
Axısqa türkləri, hardasız indi?


Alışmaq üzrəyəm qıgılcım, odam.

Dığalar yurd salıb dözərmi, adam?
Yolüstü boylandım gördüm ki, yadam.
Canım Əyriqardan kəndimə endi.
Axısqa türkləri, hardasız indi?

 

Mahal bir gecəyə edilsə sürgün.
Ac, susuz bir yaşam deyilmi gərgin?
Bilirəm səhrada olduz didərgin.
Erməni köç edib ora sevindi.
Axısqa türkləri, hardasız indi?

 

Bolşevik viranə qoydu ulusu
Vəhşilik göstərdi Sovet ordusu.
Belə haqsızlıgın yoxmu sorğusu?
Borçalı yas tutub qara geyindi.
Axısqa türkləri, hardasız indi?

Mübariz Hüseyn
www.kafiye.net