Canavaradı

(təcnis)

Bir arxalı iş başına keçirsə,
Neçəsin gətirir cana…var adı*,
Alçaqlığı həyat yolu seçirsə,
Əməlindən neçə can avaradı…

Dərd gətirir dərdi, minir üst-üstə,
İnkişaf möhtəşəm! Dönür alt,- üstə,
Eşşək “dayım” deyib, yüyürür üstə**,
Qulağı çalanda canavar adı…

Vicdan qımıldanıb demir, dön ərə!
Kim bilərdi bəy xanıma dönər, ə…?
İştahamız meyl edəndən dönərə,
Oxşarımız çaqqal, canavaradı…

Dünya bazar…Satan da var, alan da,
Yaxınların kefin xəbər al , an da,
Bir əlin paylasın, biri alanda,
Xub yaraşar belə cana, “var” adı…

İsti sözlərimi, duyun sərindən,
Qonşu ip istəsə, üstə sərin dən***,
Çingizin də ağlı qaçıb sərindən****,
Nifrət xəstə ruhlu cana, varadı…!
——————————————
(Bəzi sözlərə açıqlama verdiyimə görə ustadlar inciməsin.
Belə etməyəndə bir çox oxucuların suallarına ayrı-ayrılıqda
cavab verməli oluram)

*Adlı-sanldır.
**Bütün heyvanlar canavardan qaçdığı halda,
eşşək canavarı görəndə üstünə yüyürür.)))
***Qonşu kəndir istəsə, deyin ki, üstə darı 
sərmişəm.(Belə bir məsəl var)
**** Başından.

06. 05. 2018.
Çingiz Kürdəmirli
www.kafiye.net