HƏSƏD. roman  ( 27 )

“ Gözəl qızdır “ – düşündü , – necə olub ki , bu vaxta qədər bunu hiss etməmişəm? Baxışları necə cazibədar , təbəssümü necə qeyri – adidir…, – gözaltı ona baxdı , – rəfiqəsinə necə həssaslıqla yanaşır …Amma …amma Sevil onun haqqında heç də yaxşı fikirdə deyil …Nə bilmək olar , bəlkə də tutarlı səbəblər var …”
Mühazirənin sonuna yaxın Sevil bir qədər toxtadı . Fasilədə Nübarla bərabər dəhlizə çıxdı . Əl- üzünə su vurub rahatladı.Nübar onu yenidən həyəcanlandırmamaq üçün heç bir şey soruşmur , “ lazım bildikdə özü hər şeyi açıb , söyləyər “ deyə , qızın fikrini başqa səmtə yönəltməyə çalışırdı .
Müəllim mühazirəni yekunlaşdırıb tələbələrlə sağollaşdı və auditoriyanı tərk etdi .
Qızlar dəftər – kitablarını çantaya yığıb evə getməyə hazırlaşdılar . Nübar Sevilin qoluna girib :
-Gedək , – dedi , – parkda da gəzişərik , təmiz hava alarıq .
Sevil etiraz etmədi . Olanlardan sonra Zaurla parkda gəzməyə istəyi , həvəsi yox idi .
Yolu keçib parka daxil oldular . Nübar dərindən nəfəs alıb :
-Nə xoş havadır , – dedi , – ilin bu fəslini çox sevirəm.Təbiət də bu fəsildə bir başqa olur , – deyib gözlərini yumdu , -bir qulaq as , – dedi , – quşlar nə gözəl oxuyur …
Bir anlığa özünü əsrarəngiz təbiətin qoynunda hiss etdi .Mənən , ruhən zövq almağa başladı.
Gözlərini açanda duruxdu . Bayaq tələsərkən təsadüfən toqquşduğu hündürboy , qaraşın oğlan qarşısında dayanmışdı. Özünü itirdi , çünki bayaqdan Zaurun arxalarınca gəlməsindən bixəbər idi .Baxışlar toqquşdu…
Sevil özünü toplayıb : 
-Zaur ?! , – dedi , – sən də burdasan ? Elə bilirdim …bu gün …
-Mənim yolum burdan keçir , sən ki , bunu bilirsən , – Zaur gülümsədi , – yəqin , rəfiqənlə gəzmək istədiyindən məni gözləməmisən , – Nübara baxdı .
Nübar baxışlarını kənara çəkdi . Hər üçü bərabər addımlamağa başladılar. Sevil qısa aradan sonra :
-Hə , – dedi , – Arif müəllim bu gün kefimə soğan doğradı , – ah çəkdi .
-Elə niyə ? , – Nübar təəccübləndi , – O ki , çox mədəni , ziyalı insandır . Bütün tələbələrə can yandırır , qayğı ilə yanaşır, – fikrə getdi , – bəlkə ciddi bir səbəb olub ? , – rəfiqəsinə baxdı .
-Nə səbəb ? Heç bir səbəb yox idi …, – Sevil yenidən pörtdü , – elə mənə də təsir edən odur . Bütün tələbələrin içində “ Sən məsuliyyətsiz tələbəsən ! , – dedi , – dərsi dinləmirsən !”.
-Elə bu ? , – Nübar güldü , – mən də deyirəm , görəsən nə olub ?!
-Bu azdır ? , – Sevil acıqla ona baxdı , – mən uşaq deyiləm axı …
-Ay mənim gözəl bacım ! , – Nübar Sevilin qoluna girdi , – Bizim yaşlılardan , böyüklərdən inciməyə haqqımız yoxdur , çünki onların gözündə həmişə uşağıq .Böyük adamı danlayar da , əzizləyər də …Buna görə müəllimdən inciməyə dəyməz , – qısa aradan sonra , – Arif müəllim qocaman müəllimdir , bizim kimi minlərlə tələbə yetişdirib . Hər halda , sənin xeyrinə danışıb , inan mənə . 
-Xeyrimə danışsaydı , bir kənara çəkib sözünü deyərdi , – Sevil bozardı , – daha külli – aləmin içində yox ! 
-Eybi yox , – Nübar rəfiqəsini sakitləşdirməyə çalışdı , – Qarşıdan imtahanlar gəlir , müəllimlər də bizim qədər həyəcan keçirirlər . Zəhmətlərinin əvəzində yaxşı nəticə görmək istəyirlər . Bu baxımdan da , Arif müəllim sənin dərslərə daha ciddi yanaşmanı , məsuliyyətli olmanı istəyir . Burda pis heç bir şey yoxdur .
-Bilirsən , Sevil , gəl obyektiv danışaq , – bayaqdan qızları sakitcə dinləyən Zaur söhbətə qarışdı,- xətrinə dəyməsin , örtülü bazar , dostluğu pozar …O sözləri mən də sənə demişdim . Sən həqiqətən də dərslərə laqeyd yanaşırsan, müəllimləri dinləmirsən…
-Ola bilməz , – Nübar rəfiqəsinin müdafiəsinə keçdi , – Sevil həmişə dərs əlaçısı olub , – Sevilə baxdı , – müəllimlər də həmişə ondan razı olublar .
Zaur mübahisə etməsə də , öz fikrində qalırdı . Dərsdən sonra, soruşduqlarından müəllimləri dinləməməsi , dərslərə laqeydliyi ona tam bəlli olurdu .
-Nə isə …Nübar söhbəti yumşaltmağa çalışdı, – əvvəlki kimi yenə də , dərslərimizi birlikdə hazırlayarıq . Bilmədiklərimizi bir – birimizdən öyrənməyə çalışarıq . Məndə bütün mühazirələrin qısa məzmunu və qeydləri var . 
Yolu keçib dayanacağa çatdılar . Qızlar səbrsizliklə avtobusun gəlməsini gözləsələr də , nədənsə …Zaur bunu istəmirdi .Nübarın ağıllı , səbrli danışığı , məntiqli düşüncəsi , yüksək mədəniyyəti , qayğıkeşliyi onu sanki tilsimləmişdi .Bu sehrli aləmdən ayrılmaq istəmirdi …
Qızlar avtobusun yaxınlaşdığını görüb , Zaurla sağollaşdılar . Keçib pəncərənin qarşısındakı oturacaqlara əyləşdilər . Avtobus yola düşərkən Sevil pəncərədən boylandı …Onun fikri Zaurda, Zaurun gözləri isə …Nübarda idi…
Qızları yola saldıqdan sonra evlərinə doğru tələsmədən addımlayan Zaurun fikri hələ də Nübarın yanında idi . Bu günə qədər qrup nümayəndəsi seçilməsindən narazı olan Zaur , indi buna sevinməyə başlamışdı : çünki …vaxtaşırı keçirilən iclaslarda da , tədbirlərdə də onunla bərabər iştirak edəcəkdi . Onun üzünü görəcək , səsini eşidəcəkdi …İlahi , bundan böyük xoşbəxtlik varmı ?…
“ Amma …, – qaşları düyünləndi , – Sevil …Niyə Sevil bu qızı pisləyir ? Nübar onunla bu qədər səmimi davrandığı halda , niyə onu sevmir ? Kinayə ilə danışır ? “.Heç bir şey anlamırmış kimi çiyinlərini çəkdi .
Qızlar avtobusda bir müddət susdular . Sükutu Nübar pozdu :
-Sevil , – dedi , – gəl sabahdan dərsdən çıxıb birbaşa bizə gedək . Həm birlikdə dincələrik , həm də dərslərimizi hazırlayarıq . Hə ? Necə bilirsən ?
-Hə ? , – fikri hələ də Zaurda olan Sevil sanki yuxudan ayıldı, – hə , yaxşı , – ağızucu cavab verdi . 
-Qrup yoldaşın da Arif müəllimin dediklərini təsdiqlədi , – Nübar qayğılı görkəm aldı, – belə çıxır ki , həqiqətən də , dərslərdən zəifləmisən.
– Kim ? Zaur ? Hmm , – Sevil kinayə ilə gülümsədi , – Zaur öz dərdini çəksin ! Qrupda ən zəif , bacarıqsız tələbədir . Heç kim onunla dostluq etmək istəmir . Kobudun , köntöyün biridir .Özünü elə göstərməsinə baxma , savadı – zadı yoxdur , – sözünə ara verdi , – sən dərsdən sonra xəstəxanaya tələsəndə , hərdən parkda tək gəzirdim . Mənə gün vermirdi ki …Hər dəfə arxamca gəlir , söhbətə tuturdu . Bax , indi də gördün , xəlvətcə arxamca gəirmiş…Yaxşı ki , sən yanımda idin…Çox maraqsız insandır …
Nübar bir söz deməyib irəli keçdi . Gediş haqqını ödəyib :
-Çatdıq , gəl düşək , – dedi .
Ayrılmazdan əvvəl :
-Dediklərimi unutma , yaxşımı ? , – dedi , – evdəkiləri xəbərdar et , sabahdan bizə gedəcəyik , – gülümsədi , – imtahanlardan yüksək qiymət alıb , hamını sevindirməlisən.
-Yaxşı , – deyib , – Sevil öz yaşadığı binaya tərəf getdi .

Ardı var .

Gövher Rüstemova
www.kafiye.net