HƏSƏD  davamı ( 12 ) 

“ Yox , yox …Ola bilməz “ …Bəs…Bəs niyə darıxırdı ? Niyə onu görməyə , səsini eşitməyə bu qədər ehtiyac duyurdu ? Onu ali məktəbə çəkən dərslər idimi ? Yoxsa…
Suallar qarşısında aciz idi . Vəziyyəti özü üçün tam aydınlaşdırmağa çalışsa da, bir nəticə əldə edə bilmirdi . Tək anladığı o idi ki , darıxır …Zaur üçün darıxır…
Zaur Sevilin qrup yoldaşı idi .Mədəni , ziyalı bir ailədə böyümüşdü . Böyük qardaşı xarici dövlətdə təhsil alır , ortancıl qardaşı isə hərbi xidmətdə idi . Özü ailənin sonbeşiyi idi . Atası ali təhsilli hüquqşünas , anası isə böyük bir layihə institutunda baş mühəndis kimi çalışırdı .
Ciddi görkəmli , hündürboy , yaraşıqlı bu oğlan dərs ilinin əvvəlindən Sevilin diqqətini çəkmişdi. Səliqəli əyin – başı , ağır – ağayana davranışı , dərslərə ciddi münasibəti qızda ona qarşı maraq oyatmışdı . Müəllimlərin də Zaura xüsusi münasibətləri vardı ; tez – tez onu tərifləyər, digərlərinə nümunə göstərərdilər .
Zaur adətən dostları ilə arxa oturacaqlarda əyləşərdi . Dərs prosesində bütün diqqətini müəllimlərə cəmləyər , yeni biliklər əldə etməyə cəhd edərdi .Bəzən özü də müəllimlərinin dediklərinə müdaxilə edər , suallar verər , qeydlər aparardı.
Həmin anlarda Sevil arxaya çevrilib , özünü onu dinləyirmiş kimi göstərsə də , əslində onu təpədən – dırnağadək süzər , simasını görməkdən , səsini dinləməkdən xoşlanardı . 
Zaurunsa fikri yalnız və yalnız dərslərdə idi .Tənəffüslərdə belə kitab – dəfərlərindən ayrılmaz , bir kənara çəkilib öyrəndiklərini özlüyündə dönə – dönə təkrarlayardı .Hərdən ona gözucu nəzər salan Sevili isə ümümiyyətlə nə görmür , nə də hiss etmirdi .
Sevil bunun səbəbini özlüyündə aydınlaşdırıb belə qənaətə gəlmişdi ki , sadə , nimdaş əyin – başı, köhnə ayaqqabıları onu yoldaşlarının içində hörmətdən və nüfuzdan salır . Hamının , eləcə də Zaurun diqqətini cəlb etmək üçün bahalı , dəbə uyğun geyinib – keçinmək lazımdır .Amma necə ? Maddi vəziyyətləri buna imkan vermirdi …Demək…Demək , nə isə başqa şeylər düşünmək lazım idi …Nə ?…
Bacısının sakitcə otağına çəkilməsi Arzunu narahat etdi . Qapını astaca döyüb , otağa keçdi . Yerində uzanıb gözlərini tavana dikmiş Sevilin yanağından öpdü :
-Bacıma nə oldu yenə ? Xətrinə kim dəydi ?
Sevil gülümsəyib , yerindən dikəldi :
-Heç nə olmayıb . Hər gün instituta getməyə vərdiş etmişəm deyə , evdə oturmaq mənə darıxdırıcı görünür .
Arzu ucadan güldü :
-Elə isə , gəl mətbəxdə mənə kömək et . O zaman darıxmağa imkan tapmayacaqsan.
Sevilin üzü ciddiləşdi :
-Sən də ..mətbəxdən o yana getməmisən…Həyatda daha maraqlı şeylər var .
Arzu onun əlindən tutub çarpayıdan qaldırdı :
-Düz deyirsən , daha maraqlı və vacib işlər var . Anamız səhər tezdən buzlu yollarda sürüşə – sürüşə çörək dalınca gedib …qızı isə , çarpayıda uzanıb …Ana başqa evdə qab yuyur , yemək bişirir , ev silib – süpürür …qızı isə …öz evinin mətbəxinə belə keçmək istəmir . Hər şeyin hazırına öyrəşib…
Sevilin simasının dəyişməsinə əhəmiyyət verməyərək :
-Qalx , mənimlə bərabər ev işləri görəcək , yemək bişirəcəksən!, – deyib otaqdan çıxdı .
Sevil tənbəl – tənbəl qalxıb ətrafa baxdı . Pəncərədən düşən gün işığında masasının üzərində nəzərə çarpan toza barmağını yaxınlaşdırdı . 
Arzu tozu silmək üçün gətirdiyi yumşaq , nəm əskini masanın üzərinə atdı :
-Otağı tərtəmiz yığışdır ! İşini bitirəndən sonra mətbəxə gəl , mənə yemək bişirməkdə kömək edəcəksən. 
Sevil acıqla ona baxdı .Bacısının qətiyyətli danışığı kefini əməlli – başlı pozmuşdu.Evdə həmişə əzizlənməyə vərdiş etmiş qız indi çaşbaş qalmışdı . 
Televizoru yandırıb , otağını səliqəyə salmağa başladı . Az sonra eşitdiyi məlumat eynini açdı : “ Şəhərimizin bütün yolları qardan təmizlənmiş , nəqliyyatın hərəkəti tənzimlənmişdir . Sabahdan şəhərin bütün təhsil müəssisələrində dərslər davam etdiriləcək. “.
Üzü güldü . Demək …demək sabah …Zauru görəcəkdi …Nə olursa , olsun , onun diqqətini çəkmək lazımdır . Şkafı açıb asılqandan gözə nisbətən təzə görünən donunu çıxartdı .

Ardı var .

Gövher Rüstemavo
www.kafiye.net