SƏBR VERMƏ BİZƏ

Yenə köhnə yaramızdan,
Təzələnib süzülür qan.
Ağlayanda Azərbaycan,
Qoyma ürək buna dözə,
Tanrım, səbr vermə bizə.

Səbr edərək çox ələndik,
Payımızdan pay da verdik.
Sonda,al qana bələndik,
Kürəkdən aldıq ox, nizə,
Tanrım, səbr vermə bizə.

Həyat bizi hey sınadı,
Sınadıqca çox qınadı.
Bu vəhşətin varmı adı?
Qan əkildi çölə,düzə,
Tanrım,səbr vermə bizə.

Qan oldu torpaq,daşımız,
Yudu onu göz yaşımız.
Qaralandı yaddaşımız,
Sığışmırıq daha sözə,
Tanrım,səbr vermə bizə.

Neçə ildir dözərək biz,
Yolda qalıb gözlərimiz.
Yarılanıb vətənimiz,
Düşmən artıq çıxıb dizə,
Tanrım,səbr vermə bizə.

Daha tükət səbrimizi,
Daşa döndər qəlbimizi.
Aslan,şir eylə ki bizi,
Düşmənlə gətir üz üzə,
O an səbr vermə bizə.
Tanrım səbr vermə bizə.

Müəllif.Mətanət Duyğulu.
26.02.2018.
Allah şəhidlərimizə rəhmət eləsin.

www.kafiye.net