HƏSƏD  davamı ( 9 )

Ana qızının xasiyyətindəki bəzi xoşagəlməzlikləri ilk vaxtlar ərköyünlük kimi qəbul etsə də , getdikcə narahat olmağa başlamışdı.
Qapının açıldığını hiss edib , cəld dəhlizə tərəf getdi .Arzu təpədən – dırnağadək qar içində idi.Tez paltosunu çıxarıb girəcəkdə möhkəm çırpdı .Çəkmələrini çıxarıb mətbəxə keçdi , şaxtadan qızarmış buz kimi əllərini plitənin istisində qızındıra – qızındıra : 
-Yaman şaxta düşüb , – dedi , – qar da ara vermir . İrəlilədikcə adamın gözlərinə , kirpiklərinə dolur , – Zəhranın narahat baxışlarını hiss edib , – yaxşı ki getdik , – dedi , yazıq qız tək – tənha oturub xəstəxanadan cavab gözləyir , – sözünə ara verdi , – ağlamaqdan gözləri qıpqırmızıdır . 
Özünə isti çay süzüb əyləşdi .Təmkinlə söhbətə başladı :
-Sevil son zamanlar çox dəyişib , ana .Evin kiçiyidir deyə əzizləndikcə xasiyyəti dönür , iddiaları artır , – çaydan bir qurtum içdi , – ən yaxın rəfiqəsinə belə həsəd aparır , – başını qaldırıb anasının gözlərinə baxdı , – həsədinsə sonu paxıllıq , kin – küdurətdir …Bilirəm , bunlar səni də narahat edir , amma analıq hissin sənə mane olur .Xətrinə dəyməkdən , ürəyini sındırmaqdan ehtiyatlanırsan.Bəlkə də, biz güzəştə getdikcə ona zərbə vurmuş oluruq . Onun bizdən yaxın , bizdən əziz adamı yoxdur . Odur ki , birgə səyimizlə ona düzgün istiqamət verməliyik. Yaxşını , pisi başa salmalıyıq .Yoxsa …Nəticələr acınacaqlı ola bilər…
Zəhra köks ötürdü :
-Düz deyirsən qızım . Uşaqdır , xoşluqla işləri yoluna qoyaq .
Arzu gülümsədi :
-Sevil uşaq deyil , ana . Bir də ki …xoşluq keçməyən yerdə bir qədər qətiyyətli olmaq lazımdır , – həkim də bəzən xəstəsini sağaltmaqdan ötrü ona ağrı – acı yaşatmaq məcburiyyətində olur , -başını aşağı saldı , – bu xasiyyəti onu uçuruma apara bilər .
Zəhra başı ilə deyilənləri təsdiqlədi :
-Hə , haqlısan qızım .Hərə öz yorğanına baxıb ayağını uzatmalıdır . Başqasına həsəd aparmaqla deyil ki…, – gözlərinə kədər gəldi , – atan dünyadan vaxtsız köçməsəydi , bizim də həyatımız başqa cür olardı …neyləyək , qismət belə imiş…
Arzu anasının qırışmış əllərini ovcuna aldı . Mehribanlıqla onları sığalladı :
-Mənim gözəl anam , zəhmətkeş anam …Sən balalarını qeyrətinlə , namusunla , halal qazancınla böyütmüsən . Heç kimin qarşısında gözükölgəli olmamısan . Bu , azdırmı ?
Zəhra qızının saçlarını nəvazişlə tumarladı. Gözlərindəki kədər bir anda yox oldu .
Sevilin gəlişi Nübarı xeyli sakitləşdirmişdi .İndi o , rəfiqəsinə necə minnətdarlıq edəcəyini bilmirdi:
-Çox sağ ol , Sevil . Sən əsl bacısan . Məni dar ayaqda tənha buraxmadın , qeydimə qaldın .Sənin yanında özümü daha ürəkli hiss edirəm , – Nübar danışır , Sevilsə…halını pozmadan otaqları gəzir , Rəfiqədən çəkindiyindən baxa bilmədiklərinə indi daha diqqətlə nəzər salırdı .
Nübar onu mətbəxdə hazırladığı süfrəyə dəvət etdi , özününsə gözü telefonda qalmışdı. Tez –tez pəncərə önünə keçir , küləkdə , çovgunda ağır – ağır addımlayan adamları gördükcə anasını onların yerində təsəvvür edirdi .Saatın əqrəbləri irəlilədikcə həyəcanı daha da artırdı .Bir neçə saat əvvələ qədər yaşadığı xoşbəxt , qayğısız həyatı sanki dəqiqəbədəqiqə ondan uzaqlaşırdı. İndi yaşadıqları isə sonluğu məlum olmayan qorxulu yuxuya bənzəyirdi . Tezliklə ayılmaq istədiyi yuxuya…
Sevil süfrədəki təamlardan dadır , hərdən də gözucu Nübara baxırdı .Özlüyündə “ Görəsən , atasına bir şey olsa , bunların halı necə olacaq ? , – düşünürdü .Hmm…yəqin ki , vəziyyətləri pisləşəcək.Bax , o zaman yoxsulluğun nə demək olduğunu dərk edəcəklər .Atasızlığın nə olduğunu anlayacaqlar. Ehtiyac içində yaşamağın acısını dadacaqlar “.
Başını çevirib pəncərədən məyus – məyus boylanan , arada köks ötürən Nübara baxdı :
-Gəl otur , – dedi , – pəncərədən baxmaqla nə dəyişəcək ki ? Özünü ələ al .
Nübar isə pəncərədən çəkilə bilmirdi , ona elə gəlirdi ki , ordan uzaqlaşsa , nəsə xoşagəlməz bir hadisə ilə üzləşəcək . Fikirləri , xəyalları çox qarışmışdı …
Birdən telefon zəng çaldı .

Ardı var 

Gövher Rüstemova
www.kafiye.net