Dilində Haqqın səsi var

(Dostum Baxışın xahişi ilə)
/ 3-cü kitabımdan)

Bir “Ana” kəlməsinin gör nə böyük qüvvəsi var,
Verəcək qiymətini, o kəs ki, düşüncəsi var,
Laqeyidlik edənin qarşıda işgəncəsi var,
Qoynunda yetişmiıik, üstümüzdə kölgəsi var, 
Dodağında duası, dilində Haqqın səsi var.

Ata bağbansa əgər,bar verən ağacdır ana,
Namusun, qeyrətindir, başındakı tacdır ana,
Təbibin, həm dərmanın, dərdinə əlacdır ana.
Tək övlad sevgisinə daima möhtacdır ana,
Həyatından da keçər, səndən əziz kimsəsi var ?

Tarixin yaddaşına həkk eləyib sevgi səsin,
Bu məhəbbət bürüyüb başdan-ayaq, Yer Kürəsin,
Ötürür “gen”ləriylə, nəslə yaşatmaq həvəsin,
Ən böyük arzusudur, bağrına bassın nəvəsin,
Müqəddəs laylaları, canlı həyat nəğməsi var.

Sənin üçün çalışıb, ömrünü şamtək əridən,
Yıxılanda qaldıran, ağlayan anda kiridən,
Xərcləyər hər nəyi var, çıxar yolunda dəridən,
Nə qədər qəzəblənsə, – dilində güzəştə gedən :
–“Başına dönüm, bala, qurban olum!” kəlməsi var.

Sənin xoşbəxtliyin üçün edəcəkdir vuruşu,
Müqəddəsdir üzünün cizgiləri, hər qırışı,
Kövrəlib, küssə əgər, tez də eyləyər barışı,
Tutiyədir, ayağı dəyən torpağın qarışı,
Xeyirxah əməllərin büsbütün nümunəsi var.

Çingizin sözlərini dinlə, Baxış, eyləmə şəkk,
Anadan , gör nə qədər şair yazıb,- indiyədək…
Lap ürəkdən deyirəm, bu aləmə car çəkərək,
Əvəz etməz bir ana sevgisini, Huri – Mələk,
Bu istəkdə, başa düş, sevgilərin cümləsi* var!!!

Cümləsi* — Hamısı

Çingiz Kürdəmirli.
www.kafiye.net