HƏSƏD. davamı ( 7 )

-Sevil otağındadır, isti geyimlərini hazırlayır . Sabah instituta necə gedib çıxacaq , bilmirəm.
-Hə , yolların çoxu bağlıdır .Avtomobillərin hərəkəti dayanıb . Çoxdandır Bakıda belə qış olmurdu.
-Sabah instituta gedəsi olmadım , – Sevil otağından çıxdı , – indicə televizorda elan verdilər ; hava şəraitinin pisləşməsi ilə əlaqədar bütün təhsil müəssisələrində dərslər bir neçə günlüyə dayandırılır, – gəlib anasının yanında oturdu , – elə bil səsimi eşitdilər ; geyinməyə isti heç nəyim yoxdur , – anasına baxdı .
Zəhra günahkar görkəm aldı :
-Bilirəm , qızım . Hər şeyi başa düşürəm , amma…mən hələ ki, bundan artıq heç nə edə bilmirəm …
-Ana , sən gücün çatdığından da artıq yük daşıyırsan , – Arzu söhbətə müdaxilə etdi , – Nəyimiz var , hələlik kifayət edir . Qışdan birtəhər çıxaq , üzü yaza gedəndə mən də işləyib sənə kömək edəcəyəm . Artıq bir neçə yerdən iş təklifi almışam .Hansını məsləhət bilsək , ona da razılıq verərəm .
Ana gülümsədi : 
-Balamın əli çörəyə çatıb , – Arzunu qucaqladı , – Qüvvəmizi bir yerə toplayıb Sevilimizi də oxudarıq .
Sevil özünə isti çay süzüb anasının yanında oturdu . Çölün qar – çovğunlu havası , küləyin vahiməli vıyıltısı bu kiçik mətbəxdə ona rahat , isti bir ocaq təəssüratı yaşatdı . . Pəncərədən yola baxdı . Gecənin qaranlığında , buzlu yollarda asta – asta yeriyən , küləyin müqavimətindən tarazlığını itirərək yıxılıb – duran adamları görüncə sanki bir qədər toxtadı . 
Arzu elə bil onun düşüncələrini oxuyurdu :
-Yazıqlar , gecənin bu vədəsində hələ də çöldə – bayırdadırlar. Evlərinə necə gedib çıxacaqlar? Qar getdikcə güclənir.Görəsən…onlara necə kömək etmək olar ?
-Neyləsinlər , – ana köks ötürdü , – səhər tezdən hərə bir parça çörəyinin dalınca gedir .
-Niyə ki ? , – Sevilin qaşları çatıldı , – evində şahzadə kimi oturub, rahat çörək yeyənlər , heç nəyin fikrini çəkməyənlər də var .
-Sən də indi rahat , isti evində oturmusan , – Arzu səsini bir qədər qaldırdı , -İsti çayın , çörəyin də var . Səni əzizləyən anan , bacın da yanındadır , – sözünə ara verdi , – bəs o çöldəkilər neyləsin?, – pəncərəni göstərdi .
Sevil çayının son qurtumunu da içib ayağa qalxdı :
-Bax , mən dediyim ədalətsizlik budur ,- acıqla bacısına baxdı , – kimisi dəbdəbəli ev – eşiyində rahat , qayğısız həyat sürür , kimisi də …bax beləcə qar – çovğında səhərə kimi yol gedir…
Mətbəxdən çıxırdı ki , dəhlizdə telefon zəng çaldı : 
Sevil könülsüz dəstəyi qaldırdı : 
-Alo .
Bir qədər sükutdan sonra Nübarın güclə eşidiləcək səsi gəldi :
-Sevil …Sevil !….
Qızın hönkürtüsündən Sevil çaşbaş qaldı :
-Nübar ? …Sən ağlayırsan ? Nə olub , ay qız ?
Nübar özünü ələ almağa çalışdı . Hıçqıra – hıçqıra :
-Sevil , – dedi , – başımıza iş gəlib !
Sevili maraq bürüdü :
-Nə iş ? Bir məni anlatsana , ürəyim partladı ki….!
Nübar yenidən ağlamağa başladı :
-Atam…Atam sürücüsü ilə bərabər …qəzaya düşüb , Sevil ! , – qəfildən hönkürdü , – hər ikisinin vəziyyəti ağırdır …
Sevilin heyrətdən gözləri böyüdü . Özlüyündə “ Belələri də ağlayarmış ! “ düşündü . Özünü narahat kimi göstərib :
-Necə ? Nə vaxt ? , – soruşdu .
Bir neçə saat əvvəl xəstəxanadan zəng vurub dedilər . Obyektdən qayıdırmışlar. Yollar buz bağladığından avtomobillərin hərəkəti çətinləşib . Maşınlar bir – birinə dəyməyə başlayıb . İşıqforda dayandıqları yerdə başqa bir maşın sürətlə onlara çırpılıb.
-Ayy, – Sevil kədərli görkəm aldı : – möhkəm əziliblər ? , – bəs onları xəstəxanaya necə çatdırıblar ?
-Yaxşı adamlar az deyil , köməkləşib yaxınlıqdakı xəstəxanaya aparıblar, – qısa aradan sonra yenə ağlamağa başladı , – anam bu xəbəri eşitcək halı xarab oldu . Başımı itirdim …İçini çəkdi , – qonşular yardım etdilər . Bir az özünə gələn kim dayılarıma zəng vurdu . Qohumlar ora yetişmək üçün hər vasitədən istifadə edirlər .Anam…Anam isə …bu qar – qiyamətdə piyada yola çıxdı . Yazıq başını itirdiyindən əyninə nə geyindi , evdən necə çıxdı , bilmədi…İndi …İndi tək tənha , bilmirəm atamın dərdini çəkim , yoxsa anamın hayına qalım , – gözlərindən sel kimi axan yaşı sildi , – divarlar üstümə gəlir …
-Hmm, – İndi bəs neyləyək ? , – Sevil qayğıkeş görkəm aldı , – bizdən nə asılıdırsa , de .
-Siz neyləyə bilərsiz ? , – Nübar köks ötürdü , – indi hər şey Allahın əlindədir .
-Hər halda , nə lazım olsa , çəkinmə , de .
-Yaxşı, Sevil . Səhərə kimi yatmayacam, ata – anamdan xəbər gözləyəcəm.Dua edək ki , hər şey yaxşı olsun…
-Yaxşı , Nübar , darıxma . Nə xəbər bilsən , mənə də de .
Sağollaşıb dəstəyi asdı . Dəhlizdə bacısının fikirli dayandığını görən Arzu :
-Nə olub ? Kiminlə danışırdın ? , – soruşdu .
-Heçç , – Sevil fikirdən ayrıldı , – varlılar da ağlayır !…

Ardı var .

Gövher Rüstemova 
www.kafiye.net