HƏSƏD  davamı ( 5 )

Arzu gözlərini yumub yuxuya getməyə çalışsa da , bacısının son sözləri onun rahatlığını pozdu , düşünməyə vadar etdi. Daxilində bir narahatlıq baş qaldırdı. 
Bacısının yanlış düşüncələrin qurbanına çevriləcəyindən ehtiyatlanmağa başladı . Həsəd sonradan paxıllığa çevrilsə , qisas hissi getdikcə alovlansa , nələr ola bilər , İlahi !…
Sevilin yatmadığını hiss etdiyindən , astaca :
-Sevil , – dedi , – sabah anamız əməkhaqqı alacaq . Məndən xahiş etdi ki , sənə təzə don , ayaqqabı alım . 
Sevil ucadan güldü :
-Anamızın əməkhaqqına alınan don , ayaqqabı nə olacaq ?
Arzu :
-Bir az sakit , Sevil , – dedi , – eşidər axı , – azacıq fasilədən sonra , – nəyə çatar, onu da alarıq .
Araya sükut çökdü .
Sevil hər şeyi gözəl anlayırdı . Arzulamadığı həyat tərzinin səbəbkarı anası deyildi . 
Səhər hər ikisi yuxudan erkən oyandı .Anaları artıq işə getmişdi . Qızlar mətbəxdə səhər yeməyi yedikdən sonra ev – eşiyi yığışdırmağa , təmizlik işləri görməyə başladılar .
Otaqların sil – süpürü ilə məşğul olan Sevilin xəyalında yenə də özündən biixtiyar Nübargilin təmirli , hər küncü bərq vuran dəbdəbəli evləri canlandı. Köks ötürüb əlindəki döşəməsiləni bir kənara qoydu . Alnında puçurlanmış təri silib divana əyləşdi .
Otağın köhnə xalısını eyvanda çırpıb otağa keçən Arzu gülümsəyib :
-Yoruldunmu ? , – dedi , – dincini al , bacı qurban . Elə bir işimiz qalmayıb. Nahar yeməyimiz də hazırdır .
Sevil bir söz deməyib baxışlarını kənara çəkdi .
Axşam Zəhra evə sevincək gəlmişdi . Ev sahibəsinin verdiyi puldan müəyyən məbləğ ayırdıqdan sonra , qalan hissəsini Arzuya verdi . Danışdıqları kimi , səhər qızlar mağazaya yollanıb Sevil üçün təzə geyim alacaqdılar .
Zəhra bu xəbərdən qızının sevinəcəyini zənn etsə də , Sevilin əhvalında elə bir dəyişiklik hiss etməyib duruxdu . Anasının çaşqın baxışlarını duyan Arzu :
-Çox sağ ol , ana , – dedi . Zəhmətin , əziyyətin böyükdür . Hər ikimiz sənə borcluyuq . Narahat olma , səhər Sevilə yaraşıqlı əyin – baş alacağıq , – bacısına baxdı , – Sevil də sənə təşəkkür edəcək . Bütün diqqətini dərslərinə cəmləyəcək. Oxuyub uğurları ilə bizi sevindirəcək.
Sevil istehza ilə güldü :
-Oxuyub qurtaran bacım bizi hansı uğurları ilə sevindirib ? , – Arzunun pərtliyini görüb , – əzizim , dedi , – indiki zamanda oxumaqdan çox , fərasətli olmaq lazımdır ! Varlanıb yaxşı yaşamaq üçün yollar axtarmaq lazımdır , bildin ? Yerində saymaqla heç nəyə nail olmaq mümkün deyil !
-Fərasətin özü də elmə , savada söykənir , Sevil , – Arzu ciddi görkəm aldı . Bir də ki …Ali məktəbi bitirdiyim cəmi bir neçə aydır . İxtisasımla əlaqədar müəyyən yerlərə müraciət etmişəm , cavab gözləyirəm . Hər halda …evdə boş- bekar oturmaq fikrim yoxdur , – mehribanlıqla anasına baxdı , – mən Zəhra ananın alın təri ilə qazandığı , halal çörəklə böyümüşəm . Onun kimi mübariz , çalışqan olacağam . Var qüvvəmi toplayıb işləyəcəyəm .Əminəm , həyatda çox şeyə nail olacağam .
Qızlarının mübahisəsindən bir şey anlamayan Zəhra yan otağa keçdi .
Bacısının kinli , istehzalı danışıqlarından artıq qıcıqlanmağa başlayan Arzu astadan :
-Sevil ! , – dedi , – yetər ! Evin kiçiyi ola – ola özünü yekəxana apardığın bəsdir! Özünə gəl ! Qarşındakı ağbirçək anaya , özündən böyük bacına hörmətlə yanaş! Özün özünü uçuruma sürükləmə ! 
Sevil bacısının haqlı olduğunu anlayırdı . Davranışındakı xoşagəlməzlikləri özü də hiss edirdi . Bu evdə ona belə tərbiyə verilməmişdi . Yox …Yox …Onun üsyanı ana – bacısına deyidi …Onlarla ədalətsiz davranan həyata idi …
Başını aşağı saldı . Dinməzcə dünəndən oxumağa başladığı kitabı rəfdən götürüb yataq otağına keçdi .
Səhər Arzu heç nə olmayıbmış kimi Sevillə mehribancasına çay içib , çörək yedikdən sonra anasının verdiyi pulu götürüb mağazaya yollandı .
Qızlar çeşidbəçeşid paltarları gözdən keçirir , amma qəti bir qərara gələ bilmirdilər . Qiyməti ucuz olan donlar Sevilin ürəyinə yatmır , bəyəndiklərinə isə pulları çatmırdı…

Ardı var . .

Gövher Rüstamova 
www.kafiye.net