Gedirəm

Mənə qalan həsrətindi,bilə-bilə gedirəm,
Xəyalını xatirimdən silə-silə gedirəm,
Daş basıram ürəyimə,ölə-ölə gedirəm,
Buludların gözlərindən düşən damla bil məni,
Taleyində yerim yoxdur,həyatından sil məni.

Taleyinin kənarında azıb hara gedirəm,
Göylə Yerin arasında ora-bura gedirəm,
Bu bir sevgi matəmidir,geyib qara gedirəm,
Buludların gözlərindən düşən damla bil məni,
Taleyində yerim yoxdur,həyatından sil məni.

Qəlbinin ilk baharıydım,üzü qışa gedirəm,
Məntiq-duyğu savaşında bərkə-boşa gedirəm,
Səadətim sənin olsun,xoşbəxt yaşa! Gedirəm…
Buludların gözlərindən düşən damla bil məni,
Taleyində yerim yoxdur,həyatından sil məni.

Tənha Bulud,saf sularda məni ara ,gedirəm,
İçindəki işığa dön,söylə:”yara gedirəm”
Bir ilahi nurdan gəlib,yenə nura gedirəm…
Buludların gözlərindən düşən damla bil məni,
Taleyində yerim yoxdur,həyatından sil məni.

Tamara Rustamova Tənha Bulud/ 13 mart 2018
www.kafiye.net