Yaşardı

(Təcnis)

Göhnə xatirələr yadıma düşdü,
Qəhər boğdu məni, gözüm yaşardı…
Yanağımdan damla-damla sürüşdü,
Kəsilmədi xeyl zaman yaş ardı.

Fərqi yoxdu yazıçı ol, ya şair,
Hünərin var, gəl qurudan yaş ayır,
Neçəsi Haqq ümidinə yaşayır,
Soruşursan, deyir adı Yaşardı…

Dəfələrlə atəşlərə qalandı,
Tanrı özü yaradıbdı,-qalandı,*
Bəşər burda müvəqqəti qalandı,
Nə fərqi var, Yer dəyirmi, ya şardı?!

Dərdlərə çarə yox, göydə nə yerdə,
Məzlumların ahı qalıbdı yerdə,
Vaxt gələcək, deyəcəklər bu yerdə,
Çingiz adlı bir dəlisov yaşardı…!
————————————————
Qalandı* – əbədi qalmaq mənasında.

05. 03. 2018.
Çingiz Kürdəmirli.
www.kafiye.net