Şairə Günay Ələddinqızının sonu:

Mən heç istəmirəm qocalım,Allah!
Əyilə qamətim,bükülə belim.
Məni bu dünyadan rahat götürə
Sakitcə evimə gələn bir ölüm-

bəndi ilə bitən şeirindən təsirıənərək yazdım.

Q o c a l m a q i s t ə m i r ə m

Yandım qiru-quru,həm yandım yaş da,
Qar yağdı üstünə,üşüdü baş da,
Məni dondur,elə qalım bu yaşda,
Ay Allah,qocalmaq istəmirəm mən!

Kim istər ki ürəyinə qəm dola,
Bel bükülə,yolu duman,çən ola,
Gəzib gəncliyimlə yenə qol-qola,
Ay Allah,qocalmaq istəmirəm mən!

Gülü solar,yaza olsa qış ağa,
Gün də,ay da başın salar aşağa,
Dönüb yenə bir südəmər uşağa,
Ay Allah,qocalmaq istəmirəm mən!

Eşq edib,sevişib gülsə də hər yan,
Od tutmasan,necə alış,necə yan?
Dağda-daşda gəzib çılpaq,lüt-üryan,
Ay Allah,qocalmaq istəmirəm mən!

Ruh cana,can ruha qoymasa xətir,
Qəlb gülməz,dünyanı lap yığıb,gətir,
Alıb da hər gül-çiçəkdən bir ətir,
Ay Allah,qocalmaq istəmirəm mən!

…Qoca dedi,biri dəydi xətrimə,
Day,xal düşdü hər bəndimə,sətrimə,
Məzahiri göndər ana bətninə,
Ay Allah,qocalmaq istəmirəm mən!
Ay Allah,qocalmaq istəmirəm mən!

Məzahir İsgəndər
07.01.2018
www.kafiye.net