İstədi
(Sənədli mənzum hekayə)

Bezdirdi bülbülün səsi,
Gülün könlü sar istədi,
Dedi, bilsin Yer Kürəsi,
Cəm aləmə car istədi.

Həyatıma oldu yamaq,
Güc gətirdi, nəfsi-tamah,
Özü üçün keyfü-damaq,
Mənə ahu-zar istədi.

Belə yükü daşımağa,
Güc çatmadı boşamağa,
Ala-babat yaşamağa,
Əvvəl dörd divar istədi.

Zəndlə baxıb sola, sağa,
Bu həyatı qoydu lağa,
Sevgisindən kam almağa,
Geniş bir diyar istədi.

Bir divan tutdu köynəyə,
Dilim də gəlmir deməyə,
Azadlıq verdi göbəyə,
Ənndamın aşkar istədi.

İşlərimiz oldu fırıq,
Nələr etdi “zatı qırıq”.
Bir az yarıq, bir az cırıq,
Saçaqlı şalvar istədi.

Burun yerini dəyişdi,
Qaş dartıldı, dodaq şişdi,
Məhəbbət “tıxac”a düşdü,
Sinə başqa “bar” istədi.

Günümü eylədi qara,
Hara dedi, sürdüm ora,
Qışda meyli düşdü nara,
Yayın günü qar istədi.

Əqidəsi çürüklədi,
Çox yerlərə sürüklədi,
İnternetə yeriklədi,
Sağalmaz azar istədi.

Gün – gündən artdı qeylü – qal,
Girmiş idi qəlbinə “hal”*
Bezdirdi əvvəlki sığal,
Başqa cür tumar istədi.

Qalmayıb indi duyğu, – saf,
Hamımız edək etiraf,
Bu tərəqqi, bu inkişaf,
Müasir “radar” istədi.

Indi çoxu yolun azıb,
Ənənəyə qəbir qazıb,
Çingiz bir neçə zöz yazıb,
Nəslə yadigar istədi. 
—————————————
Hal* – cin.

Çingiz Kürdəmirli.
www.kafiye.net