ÖTMÜŞ QATAR. Davamı ( 6 )

Çox keçmədi ki, ailə şam süfrəsinin ətrafına toplaşdı.Ana həvəslə hazırladığı yeməkləri süfrəyə düzdü . 
Ata iştahla yeyə – yeyə :
-Hə , hazırlaşın , – dedi , – sizə şad xəbərim var .
Hamı maraqla onun üzünə baxdı .Ata gülümsəyərək , ağzındakı tikəni udub :
-İdarəmiz şəhərin mərkəzi küçələrinin birində yaşayış binasının inşasına başlayıb, – dedi . Adımız siyahıda ön cərgədədir . Bina hazır olan kimi bizə yeni mənzil verəcəklər .
Ananın sevincdən gözləri doldu :
-Axır ki , ay Kamil . Bizim də şəhərin mərkəzində evimiz olar ! Canımız bu məhəllədən qurtarar !Səni şadxəbər olasan!
Kamil ucadan güldü :
-Məhəllə bizə neyləyib ki? Əksinə , üz – gözümüz buranın camaatına öyrəşib.
Ananın üzü ciddiləşdi :
-Burda hər cür adam var . Kiçik məhəllədir , qaynayıb – qarışmağa məcbursan. Kimin evində nə var , qonşuların ovcundadır . Heyf deyil bina evi ? Qapını çək, otur . 
Bacısı gözaltı Rənaya baxdı. Qız danışılanlara qəti reaksiya vermirdi . Ağzındakı tikəni zorla udub ayağa qalxdı .
-Məni bağışlayın , özümü pis hiss edirəm , – deyib otaqdan çıxdı. 
Yeməyini tələm – tələsik yeyən bacısı onun ardınca otağına keçdi :
-Rəna , nə olub sənə , Rəna ?
-Heç ….Ölmək istəyirəm …Daha taqətim qalmayıb . Son ümidimi də Allah kəsdi . 
-Elə demə , bacı , nə olar ?! 
-Bəs nə deyim ? , – gözləri doldu . Elə bil hər şey mənim qəsdimə durub ! Bu məhəllədən köçüb gedəsi olsaq , nə olacaq ? Mən bir də Aydını harda görəcəm? Bəs o , məndən necə xəbər tutacaq ?
Bacısı onu sakitləşdirməyə çalışdı :
-Ay qız ! Gülməli şeylər danışırsan ! İndi bu saat köçürük məgər ? Bina hələ indi tikilməyə başlayıb .O , hazır olası , biz yığışıb ora köçəsi…Ehhh….O vaxta qədər Aydın institutu bitirib qayıdar .
Rəna bir qədər toxtadı :
-Bitirib qayıdanda nə olacaq ki ? Anası ona öz qardaşı qızını alacaq . Bizim sevdamız onsuz da baş tutan deyil . 
-Rəna , sən gəl hadisələri qabaqlama . Hər şeyi zamanın axarına burax. Bəlkə də belə yaxşıdır . Özünü əbəs yerə üzmə . Bir neçə gündən sonra tələbəlik həyatın başlayacaq . İnan mənə , o qədər maraqlı bir həyat yaşayacaqsan ki , hər şey yadından çıxacaq . Yeni dostların , rəfiqələrin olacaq . Dərslər , imtahanlar başını elə qatacaq ki , vaxtın necə keçdiyini belə hiss etməyəcəksən, – sonrasını …zaman göstərəcək . Xeyirlisi , bacı , xeyirlisi …
Bacısını qucaqlayıb öpdü :
-Dünya tək Aydının və onun anasının üzərində qurulmayıb , gözəl bacım. Sən öz həyatını yaşa , qismətində nə varsa , ona da qane ol. Bir də ki … bir də ki …məndən sənə əmanət, dediyimi yadında yaxşı saxla “ Heç bir kişi , heç bir qadının iztirablarına və göz yaşlarına layiq deyil ! Onlar öz həyatlarını istədikləri cür yaşayırlar ; xəyanət də edirlər , yalan da danışırlar , dondan – dona da girirlər . Amma əziyyət çəkən qadın olur …Budur , mən bu deyilənlərin hamısının bariz nümunəsi …, – üzünə kədər çökdü , – Adilin şirin dilləri , yağlı vədləri ki , yadındadır . Nə oldu ? Hansına əməl etdi ? , – sözünə ara verdi , – qarda – çovgunda saatlarla pəncərəmizin altında dayanan Adilin indi məndən heç xəbəri varmı ? Toyumuzdan bir ay sonra özünə yeni sevgili tapmadımı ? Məni bədbəxt edib , öz həyatını yaşamırmı ? Nəticədə zərbə kimə dəydi ? ona , yoxsa mənə ?
Rəna heç vaxt bacısı ilə bu barədə danışmamışdı . İndi aralarındakı belə açıq söhbət onu təəccübləndirsə də , düşünməyə vadar etdi . Bacısı haqlı idi ; hissiyyata qapılmaq ona yalnız ağrı – acı yaşadacaqdı. Aydının beşillik Rusiya həyatı çox şeyləri dəyişə bilərdi . Odur ki , həqiqətən də , özünü ələ almalı , hadisələrə bir qədər soyuqqanlı yanaşmalı idi. Əgər bacarsa…
Aydın gecəni çox narahat yatdı , gözlərini yuman kimi , Rəna gəlib gözləri qarşısında dayanırdı. Məsum baxışları ilə “ Aydın , məni qoyub hara gedirsən?” deyirdi.
Səhər zəngli saatın səsinə gözlərini açdı.Cəld qalxıb əl – üzünü yudu , eyvana çıxdı. Rənagilin eyvanına tərəf boylandı; heç kim gözünə dəymədi . 
İçəri keçəndə anası boynunu qucaqladı :
-Gəl , gəl çayını – çörəyini ye . Bir azdan çıxmalıyıq . 
Aydın çayını içib , anasının hazırladığı bağlamaları həyətə düşürdü . Sənədlərini bir də gözdən keçirdi . Hər şey qaydasında idi . Amma getməyə tələsmirdi , gözü Rənanı axtarırdı. 
Anası bunu hiss edirmiş kimi , kürəyindən astaca itələdi :
-Get , get , yubanarıq , tələs , – özü də dönüb gözucu Rənagilin eyvanına baxdı. Pəncərələri bağlı görüb rahatladı. 
Aydın bağlamaları götürüb könülsüz halda məhəllənin aşağısıına tərəf addımladı. Dönüb bir də baxdı…
Birdən pəncərənin ehmalca açıldığını , pərdənin sakitcə tərpəndiyini gördü . Rəna ona gizlicə əl edir , yaxşı yol diləyirdi .
Aydının gözləri doldu. Yol çantasını çiyninə keçirdi, bağlamaları götürüb məhəllədən çıxdı. 
Dəmiryol vağzalı adamla dolu idi .Qatara minik başlamışdı. Aydın anasının boynunu qucaqladı. Ana göz yaşlarını zorla saxlayırdı. Oğlunu bağrına basıb:
-Yaxşı yol , oğul , – dedi , dərslərinə fikir ver . Heç nədən korluq çəkmə , nə lazım olsa , çəkinmə , de . Hər şey alıb göndərəcəm. Təki sən oxu . 
Beləcə sağollaşıb – halallaşıb ayrıldılar . Aydın kupedə yerini tutub əyləşdi . 
Qatar yerindən tərpəndi . Asta – asta vağzaldan uzaqlaşdı. 
Getdikcə sürətini artıran qatar Aydını hər an , hər dəqiqə doğma şəhəri ilə bərabər , həm də arzularından , Rənasından uzaqlaşdırırdı. 
Təkərlər taqqıldadıqca isə… sanki vida nəğməsi çalınırdı…
ARDI VAR.

Govher Rustamova
www.kafiye.net