ÖTMÜŞ QATAR… davamı ( 5 )

Birdən Aydın nə düşündüsə , Rənanın buz kimi soyuq əllərini ovcuna aldı :
-Rəna , səndən bir xahişim var , – səsi titrədi , – mənə söz ver , söz ver ki …məni gözləyəcəksən…söz verirsən? Hə ? 
Rəna gözlərini kənara çəkdi .Aydın bir az da əsəbi halda onun əllərini ovcunda sıxdı:
-Bax , üzümə bax ! Söz verirsən ? Səninləyəm! 
Rənanın gözlərində yaş gilələndi . Dodaqları əsdi . Var qüvvəsini toplayıb astadan:
-Söz verirəm , Aydın , – dedi , məni…məni səndən yalnız ölüm ayıra bilər , get …get…
-Rənam , mənim Rənam ! Ağlama , gülüm mənim , əlinin arxası ilə qızın yanaqlarına aramsız axan göz yaşlarını sildi ,- gözlə məni…
-Yaxşı , get Aydın …
Aydın ovcunda körpə quş kimi titrəyən ağ , zərif əlləri qoxladı , gözlərini yumdu . İndi o , heç nə görmür , heç nə eşitmirdi . Rənanın əllərini öpüb səssizcə ordan uzaqlaşdı. 
Rənanın sanki nəfəsi tıxandı. Elə bil kiminsə güclü əlləri onu var qüvvəsi ilə boğmağa başladı. Qız nə edəcəyini bilmədi . Özünü tələsik yaxınlıqdakı iri mağazaya saldı . Günorta saatları olduğundan mağazada alıcı çox idi . Rəna çaşbaş halda bir piştaxtadan digərinə, bir şöbədən o birinə sürətlə keçir , vurnuxurdu .Ortayaşlı satıcı qadın qızın qeyri – adi davranışından nə hiss etdisə , yaxınlaşıb qolundan tutdu:
-Qızım , bir şey olmayıb ki? Özünü necə hiss edirsən ? 
-Xala …Boğuluram…
Qadın tez əlini atıb sərinkeşi işə saldı :
-Darıxma , qızım . Hava istidir , keçib gedər . Al , sərin sudur , iç ürəyin sərinləsin, – deyib , su ilə dolu stəkanı ona uzatdı .
Rəna sudan bir qurtum içib qadına təşəkkür etdi . Özünü toplayıb mağazadan çıxdı, evlərinə tərəf sürətlə addımlamağa başladı . 
Qarşısına çıxan heç kimi görmürdü , ona elə gəlirdi ki , dünya bomboş boşalıb …Və…o , dünyanın tən ortasında tək – tənhadır …tamam tək…
Evlərinə çatıb , qapının zəngini fasiləsiz vurmağa başladı . Bir şey anlamayan anası həyəcanla qapıya qaçdı .Qızını rəngi avazımış görüncə duruxdu :
-Nə olub ? 
Rəna heç nə demədən anasının yanından sürətlə ötüb otağına keçdi . Ordan var gücü ilə : 
-Ana ! , – qışqırdı , mənimlə heç kimin işi olmasın ! Mən yoxam ! Eşidirsiz ? Yoxam ! 
Ana daxilən sarsılsa da , təxminən işin nə yerdə olduğunu anladı :” Qızı taleyinə üsyan edirdi . Sevgisinə vida deyirdi …”
Bir söz deməyib yan otağa keçdi .
Rəna özünü zorla çarpayısına çatdırdı. Üzü üstə düşüb yastığı qucaqladı , yumruqlarını düyünlədi . Gözlərindən sel kimi axan damlalar yastığını islatdı .Var gücü ilə yastığı döyəcləməyə başladı . Onun hönkürtüsünü də , hıçqırıqlarını da eşidən ana bir neçə dəfə otağına yaxınlaşsa da , içəri keçməyə ürək etmədi . 
Yaşının bulaq kimi çağlayan bir vaxtında qızının keçirdiyi sarsıntılar ananı çox məyus edirdi ; özünü qismən də olsa , günahkar sayırdı. Amma heç kim , heç nəyi dəyişmək iqtidarında deyildi .
Axşam hava qaralana qədər Rənadan səs çıxmadı . Ana narahat halda yavaşca otağın qapısını açıb içəri nəzər saldı; Rəna elə möhkəm yatmışdı ki , elə bil illərin yuxusuzu idi. 
Ana ehmalca onun çarpayısına yaxınlaşıb :
-Rəna , – dedi , ay Rəna …qızım …bəlkə oyanasan …hava qaralır , şərqarışan vaxt yatma .Səhərdən heç nə yeməmisən …Qızım …
Rəna gözlərini açdı. Heç nə anlamırmış kimi anasına baxdı :
-Ana …Saat neçədir ?
-Axşam düşür qızım , qalx . İndi atan da işdən gələcək . Bir yerdə şam edərik. Dur , ağıllı balam .
Rəna tənbəl – tənbəl yerindən qalxdı. Qızdırmalı adam kimi səndirləyə – səndirləyə vanna otağına keçdi . Əl – üzünə sərin su vurdu .

Ardı var .

Govher Rustamova
www.kafiye.net