ÖTMÜŞ QATAR… davamı ( 4 )

Gülyazla söhbətdən sonra Rəna azacıq təskinlik tapsa da , ürəyindəki narahatçılıq səngimək bilmirdi . Aydından ayrılacağı gün yaxındaydı. Həyat ona çox cansıxıcı və mənasız görünürdü .
Aydın da könülsüz halda yol çantasını sahmana salır , anasının hazırladığı bağlamaları yerbəyer edirdi . Fikri, xəyalı isə Rənanın yanında idi . Ürəyində onunla dialoqa girir , cürbəcür suallar verir , cavablar alırdı. 
Rəna ürəyinin sıxıldığını hiss edib eyvana çıxdı. İstəməsə də , özündən biixtiyar başını Aydıngilin eyvanına tərəf çevirdi. Havanın isti olmasına baxmayaraq pəncərələri bağlı , hətta pərdələri də çəkilmiş gördü . Sanki anası Aydını bu yolla Rənadan mühafizə edirdi. 
Rəna başını aşağı salıb otağa keçmək istəyirdi ki , eyvanın altından Gülyazın səsi gəldi :
-Rəna , ay Rəna!
-Hə , Gülyaz , xoş gördük .
Gülyaz bir az da yaxına gəldi. Ətrafa göz gəzdirib, lap astadan:
-Rəna , sənə xəbərim var , – dedi . 
-Mənə ? Nə xəbər Gülyaz ? Xeyirdirmi ?
Gülyazın gözləri güldü :
-Xeyir olmayıb , nə olacaq ? , – pıçıltı ilə , – Bilirsən , bir azdan Aydın evdən çıxacaq. Sən də bir bəhanə ilə evdən çıx .Məhəllədən çıxa bilsən , lap yaxşı olar . Aydın səninlə görüşmək istəyir, sənə deyəcəkləri var . Odur ki , yubanma , hazırlaş , çıx.
Sözünü bitirib cəld ordan uzaqlaşdı. 
Rəna gözlənilməz xəbərdən çaşbaş qaldı. Bir anlığa nə edəcəyini bilmədi . İçəri keçib fikrini bir yerə topladı. Hazırlaşıb evdən çıxmaq lazım idi , bəlkə də belə fürsət bir də ələ düşməyəcəkdi .
Mətbəxdə yemək hazırlayan anasına yaxınlaşıb :
-Ana , – dedi , – ürəyim sıxılır , bir az gəzib havamı dəyişmək istəyirəm.
Anası əlini işdən ayırmadan :
-Lap yaxşı eləyirsən , – dedi . Bunu mən sənə hər gün deyirəm. Çıx çölə , rəfiqələrinlə gəz – dolan , eynin açılsın. 
Rəna vaxt itirmədən güzgünün qarşısına keçib özünü sahmana saldı. İndi güzgüdən ona tamam başqa Rəna baxırdı. Gözlərində ümid qığılcımı parlayan , həyat eşqi qaynayan Rəna …
Anasının üzündən öpüb evdən çıxdı. Məhəllənin aşağı tərəfinə irəlilədikcə ürəyi həyəcandan sürətlə vurmağa başladı. Hər saniyə , hər dəqiqə Aydının ona yaxınlaşa biləcəyini düşündükcə içindən qəribə bir gizilti keçirdi.Məhəllədən bir qədər uzaqlaşmışdı ki , arxadan tanış , doğıma səs gəldi : 
-Rəna…
Rəna başını aşağı saldı. Hansı tərəfə gedəcəyini belə unutdu. 
-Sağ tərəfə get , ağacın altında dayan , məni gözlə.
Rəna sağa dönüb böyük bir ağacın yanında ayaq saxladı. Çox keçmədən Aydın ona yaxınlaşdı:
-Salam , Rəna ! 
-Salam , Aydın!
-Rəna , vaxtımız çox azdır , odur ki , əsas mətləbə keçirəm. Mən səndən ayrılıb heç yerə getmək istəmirəm , bu anamın istəyidir . Amma bir şeyi yadında yaxşı saxla ! Mən səni özümdən də artıq istəyirəm. Məni səndən heç kim və heç nə ayıra bilməz . Bu, müvəqqəti ayrılıqdır.Biz həmişə bir yerdə olacağıq , eşidirsən, həmişə!Sənə tez – tez məktub yazacam, onları Gülyaz sənə çatdıracaq . Bacardığın qədər sən də mənə yazarsan. Beləcə illəri yola verib sənə dönəcəm. O zaman öz taleyimizi özümüz həll edəcəyik . Bizə bir kimsə mane ola bilməyəcək, – sözünə ara verdi , – darıxma Rəna , səni əmin edirəm, hər şey yaxşı olacaq . Bir az səbr etmək lazımdır .
Rəna bir söz demir , Aydının söylədiklərinə inanmaq istəyirdi .
-İndi isə , məni bağışla Rəna . Yola hazırlaşıram. Səhər tezdən qatarla yola düşəcəm.
-Sənə yaxşı yol , Aydın, yolun açıq olsun.Mənə görə narahat olma. Özünü qoru , qismətimizdə nə varsa , onu da yaşayacağıq .Yubanma , get . Mən bir neçə mağazaya baxıb evə qayıdacam.
Araya sakitlik çökdü . Birdən hər ikisi başlarını qaldırıb bir – birinin düz gözlərinə baxdılar . Bu baxışlar həmişəki baxışlar deyildi ;onlarda həm də kədər , iztirab , həsrət , ayrılıq , ümidsizlik vardı…

Ardı var .

Govher Rustamova
www.kafiye.net