Hər kəs öz istədiyi kimi oxusun,və öz istədiyi kimi də düşünsün

Çəkil yoldan,ey qarlı qış

Soyuğunla-sazağınla,
Salxım-salxım buzlarınla-
Eldə olan “tuz”larınla
Çəkil yoldan,ey qarlı qış!
Qatıb məni qabağına bir ov kimi qovlasan da,
Bir dayanıb-durum deyə,dilə tutub,tovlasan da,
Nə yalmanıb, nə yalvarıb,nə yaxarıb,
Nə demərəm sənə alqış.
Min yıxılıb,min dursam da,tövşümərəm.
Kirpiyimdən-qaşımdan,
Gözümdən buz sallansa da;yollarımda, sinəmdə,
Başımda qar qalansa da,üşümərəm.
Yox!..Yox!..Yox!
Bu dünyada deyiləm ki qovub,məni tövşüdəsən
Yaxalayıb,tutub məni dondurasan,üşüdəsən.
Var öz dünyam,öz aləmim,od-ocağım, alovum da,
Söndürənməz nə sazağın,nə soyuğun, qırovun da.
Nə qov məni,nə özünü yorma belə,ay hərgələ,
Bu ocağın odu sönməz, üstünə lap min qış gələ!
Bir istəsəm,qalmaz qarın nə dağlarda, nə düzlərdə,
Bu ocağın alovuna yanar göllər,dənizlər də.
Bu ocağı əl deyil ki,müqəddəs EŞQ qalayıbdı,
Ta qəbrədək yanmağını mələklər də lalayıbdı.
Nə Tanrının,mələklərin bu ocaqdan
Üzü dönməz,
Nə dayanıb,nə də durub,
Bu ocağın odu sönməz.
Sönməz!..
Bu ocağın odu sönməz!
Bu ocağın odunu nə göylərin yağışları,
Nə yerlərin qarğışları…nə də,
Nə də çayları,
Gölləri, dənizləri söndürənməz.
Yanar!..Yanar!..Yanar!
Və bu ocağın başına Məcnunlar,
Fərhadlar,
Kərəmlər,
Qəriblər…yığışar,toplaşar.
Bu ocağın başında çırımçılpaq,
əl-ayağı yalın dağlanıb-dağlanmamış;
Doğulub-doğulmamış hər yaşda,
Hər biçimdə divanələr dolaşar.
O buna,bu ona baxıb,
O buna,bu ona təsəlli verib,
Bunun,bu onun halına yanar, alışar…
Allah qəzəb qılıncını bu ocağa sıyırmaz.
Qıymaz buna Allah.
Qıymaz!..
Qıymaz!..
Qıymaz!!!
Bu ocağın odu soyumaz.
Yox!..Yox!..Yox!..
Bu ocağa nə insan əliylə,
Nə soyuğun,şaxtanın,
Nə fırtına,nə tufan,nə də…
Nə də dünyanın əli ilə qəbir qazılmaz.
Bu ocaq soyumaz!..
Bu ocaq ölməz!..
Bu ocaq küllə quylanmaz!..
Qıymaz buna Allah,qıymaz!
Qıymaz divanələrin;
bundan sonra doğulacaq və…
Və xəmiri eşqdən yoğrulacaq qəlbiviranələrin
odsuz-ocaqsız qalmağına…
Qıymaz Allah!
Qıymaz mələklərin də ağlamağına…
…Qovma məni,ey qarlı qış!
Qovub da,nə alacaqsan?
Mən bir ocaq ,od-alovlu,
Sən elə,qış qalacaqsan…

 

Məzahir İsgəndər
www.kafiye.net