QADIN SİRLİ DÜNYADIR… 46- cı bölüm.

Elşən gedəndən sonra Süsən ehmallıca divandan qalxdı . Əlüzyuyana yaxınlaşdı.Üzünə sərin su vurdu . Başını qaldırıb güzgüyə baxanda heyrətləndi . Sifətində Elşənin barmaq izləri hələ də qalmış , zərbədən sol gözünə qan sızmışdı . 
Əsəbdən ürəyi sıxılır , nəfəsi darıxırdı . Şərfini çiyninə salıb həyətə endi . Səhərin sərinliyində dərindən nəfəs aldı . Bir vaxtlar havasından , suyundan , təbiətindən , hər şeydən zövq alan Süsəni indi bu yerlər sıxmağa başlamışdı.Getdikcə hər şey gözündən düşürdü , həyat mənasızlaşırdı . Yaşamaq eşqi sönürdü.
Birdən Gülnarla olan söhbətini xatırladı . Onu bazar günü ailə üzvləri ilə birgə qonaq çağırmışdı . ” Aman Allah , bu görkəmdə onların qarşısına necə çıxacam ? ” deyə özlüyündə düşündü . ” Anasının verdiyi puldan həm bazarlıq etmək , həm də Gülnarla qayınana – qayınatasına hədiyyə almaq fikri vardı. Amma bu görkəmdə evdən çıxa bilməzdi . Yadına anasığildən gətirdiyi çəhrayı yun saplar düşdü . Gülnarın da ölçülərini bilirdi . Fikirləşdi ” Bəlkə o saplardan Gülnara qəşəng bir kofta toxuyum ? ” . Ağlabatan fikir idi.Həm yaxşı hədiyyə olardı , həm də başı qarışardı .
Evə keçib sapları götürdü , jurnalları vərəqləyib ürəyinə yatan kofta modelini seçdi və toxumağa başladı . 
Başı elə qarışmışdı ki , vaxtın necə keçdiyindən belə xəbərsiz idi . 
Birdən darvazanın açılıb – bağlandığını hiss etdi . Həmişəkindən fərqli olaraq , bu gün Elşəni yola salmağa çıxmamışdı . Demək ki , darvaza açıq qalmışdı .
Ürəyi yeridən oynadı , ” Görəsən gələn kim idi ? ” …
Pəncərədən Gülnarı görəndə gözlərinə işıq gəldi . Əlindəkiləri divana atıb , tələsik pillələri endi . Gülnara çatar – çatmaz boynuna sarıldı . Gülnar da onu bağrına basdı . Süsən astadan : 
– Gülnarım , bilsən səninçün necə darıxmışdım ! , – dedi .
Gülnar onun kövrəlib ağlayacağını duyub , zarafata keçdi :
-Ay qız , boynumu burax , boğma məni , yazığam ! , – deyib bərkdən güldü .Dükana çıxmışdım , ürəyim dözmədi. Dedim tez qaçım səni görüm . Darvaza niyə açıq idi ? , – deyib Süsənə baxdı. – Gözünə nə olub ?
Süsən nə deyəcəyini bilmədi , udqundu :
-Heç , neçə gün idi ağrıyırdı …bu gün baxdım qızarıb …
Gülnar bir şey anlamadı :
– Bəs …altı niyə göyərib ?…
-Nə bilim … , keçib gedər , gəl evə keçək , həyətdə niyə qalmısan ki ?
-Yox evə keçə bilməyəcəm , vaxtım azdır . Bura gəldiyimi bilmirlər.
Zəndlə Süsənə baxdı :
-Məndən bir şey gizlətmirsən ki ?
-Yox Gülnar …Heç nə gizlətmirəm , narahat olma … .
-Yaxşı , mən qaçım . Onsuz da bazar günü görüşəcəyik , evdəkilərlə danışmışam .
– Hə…Gülnar …inşallah .
Gülnar Süsənin əhvalından bir şey anlamasa da , ürəyində bir narahatçılıq baş qaldırdı . ” Görəsən , Elşənlə aralarında söz – söhbət olmayıb ki ? Üz – gözü niyə bu haldadır ? Yəni , Elşən ona əl qaldırıb ? “
-Süsən , mən tələsirəm , – dedi. Amma bir şeyi yadında yaxşı saxla , heç kim sənə güldən ağır söz deyə bilməz . – qaçdım , bazar günü görüşənədək …
Tələsik Süsənin üzündən öpüb , darvazadan çıxdı.
Süsən evə qalxdı . Bir azdan Elşən işdən gələcəkdi , şam yeməyi hazırlamalı idi . Könülsüz mətbəxə keçdi . 
Qəribədir , həmişə Elşənin gəlişini səbrsizliklə gözləyən Süsən bu gün onu demək olar ki , gözləmirdi…
Ardı var.

Govher Rustamova
www.kafiye.net