QADIN SİRLİ DÜNYADIR … 45-ci bölüm.

Yıxılmamaq üçün qapının cəftəsindən yapışdı . Çaşqın halda Elşənə baxdı . Dumanlı da olsa , gözlərindəki ifadəni görmək istədi.
Elşən ona vurduğu şillədən elə bil özü ayıldı.Qolundan tutub onu divana əyləşdirdi .
-Bağışla , Süsən , təsadüfən oldu , – dedi . Əsəblərim çox korlanıb.
Süsənin nəsə deməyə nə halı , nə də istəyi vardı .Get – gedə hər şey gözlərində adiləşirdi.Hər şey…Hətta vaxtilə alovlanan ,alışıb – yanan sevgisindən də bircə ovuc kül qalmışdı.O da …lap sakit əsən bir mehə bənd idi ki , uçub yox olsun .
-Qınama məni , – Elşən günahkar səslə dilləndi.Həyat mənə qarşı çox amansız olub .Özün hər şeyi yaxşı bilirsən . – başını əlləri arasına aldı , özü – özüylə danışırmış kimi , – mənim də ürəyimdə arzularım vardı.Hamı kimi oxuyub ali təhsil almaq istəyirdim , anam elə oldu . Atam bizi bura gətirdi .Evin iş – gücü Gülnarın öhdəsinə düşsə də , maddi tərəfi mənə baxırdı.Yaşıdlarım məktəbə gedib dərs oxuyanda , imtahan verəndə mən çörəkpulu gətirmək üçün tikintidə ən ağır işləri görürdüm , daş daşıyırdım , qumla , sementlə əlləşirdim . Amma ruhdan düşmürdüm . Maddi vəziyyətimiz düzəldikcə həvəslənirdim . Ürəyimdə arzularım çox idi . Ən başlıcası isə , sevdiyim qızla ailə qurub oğul – uşaq sahibi olmaq idi …Həmişə xəyalımda çoxuşaqlı ailə canlanırdı . Xəyalən birini məktəbə , o birini bağçaya aparırdım , digərini beşikdə oynadırdım…Həyat bu istəyimi də gözümdə qoydu …Hətta xəyalları da mənə çox gördü …Bezmişəm , Süsən , yorulmuşam , mənasız həyatdan da , insanlardan da , özümdən də bezmişəm …Hər gün yuxudan dur , işə qaç ,bütün günü tikintidə əlləş – vuruş ,evə gələndə də ye , yat …Həyat dediyimiz bu imiş…
-Mənim günahım nədir ? , – Süsən könülsüz dilləndi . Mənim arzularım yox idimi ? Ali məktəbi fərqlənmə ilə bitirmişdim . O cür ailənin yeganə övladı idim . Ata – ana başıma fırfıra kimi dolanırdı. Xatirində olmamış olmaz , mənimlə hər dəfə telefonla danışanda ” Süsən , səni xoşbəxt etmək üçün əlimdən gələni edəcəm ! ” deyirdin . İndi sualıma cavab ver , məni xoşbəxt etmisənmi ? …Bütün arzularının üstündən xətt çəkib , qaygısız şəhər həyatını kənd həyatina dəyişən , hətta ölüm yatağında olan anasını tək qoyub sənə pənah gətirən qızı xoşbəxt etmisənmi ? , – Göz yaşları yanaqlarına süzüldü , -Hər dəfə telefon zəng çalanda ürəyim düşür , anamın pis xəbərini eşitməyin xofu ilə yaşayıram . İndi mən onun yanında olmalı olduğum halda , sənin yanında təhqir və təzyiqlərə dözməliyəmmi ? Bütün günü dörd divar arasında tək – tənha , pəncərədən boylana – boylana oturub səni gözləmək xəstənin ölümünü gözləməyə bərabər bir şeydir . Hər şeyi , hər şeyi sənə qurban verdim , Elşən…Gəncliyimi də , gözəlliyimi də …qayğısız həyatımı da…Bu da nəticəsi…Əlini üzünə apardı .
-Bağişla . Süsən …
-Hmm , – ” bağışla ! ” …İnsan həyatı bir ” bağışla ” ya bənd imiş…
Bir də ki , evləndiyimiz heç bir il deyil , niyə bu qədər hövsələsizlik edirsən ? Arxayınçılıq üçün həkim müayinəsindən də keçdim , şükür , hər şey yaxşı çıxdı. Bundan artıq neyləməliyəm ?
-Heç nə Süsən…Heç nə…Bağışla məni…Bağışla…
Ardı var.

Govher Rustamova
www.kafiye.net