QADIN SİRLİ DÜNYADIR… 44 – cü bölüm.

Süsən axşama Elşənin ən çox xoşladığı yeməyi bişirmişdi.Stolun üstündə hər bir şeyi hazır qoyub onu gözləyirdi.Ona deyəcəkləri vardı.
Vaxt ötür, hava qaralırdı.Elşən isə gəlmək bilmirdi.Süsənin gözləri pəncərədən həyətin darvazasına dikilmişdi.Tez- tez divardakı saata baxır, əqrəblər dövr etdikcə narahatçılığı artırdı.Bu evə gəlin gələn gündən Elşənin işdən sonra bu qədər yubandığını görməmişdi.Get-gedə həyəcanı daha da artırdı ” Görəsən nə olub? Elşən belə iş tutan deyildi . Bəlkə başında bir iş var? Hara gedim , kimdən soruşum? “
Nəhayət darvazanın səsi eşidildi.Süsən pəncərədən həyətə boylandı.Elşəni görüncə ürəyi yerinə gəldi.Dərindən nəfəs aldı.Jaketini çiyninə salıb cəld həyətə endi :
-Axşamın xeyir , Elşən .Nə əcəb belə yubandın ? Səndən nigaran qalmışdım,özümə yer tapa bilmirdim…
-Bu da təzə çıxıb , məndən niyə nigaran qalırsan? Uşaq zadam?
-Təkcə uşaqdan nigaran qalmırlar ki . Böyüyün də başına iş gələ bilər.
-Qorxma ,gəlməz ! Bir də ki,..Bundan artıq nə iş gələcək ki…-deyəndə Gülnar Elşənin gözlərində qeyri-adi ifadə gördü.Bir qədər yaxına gəldi. Aman Allah , o içkili idi…Ayaq üstə güclə dayanırdı.
Dünya Süsənin başına fırlandı.Başı dumanlandı.Fikrində cavabsız suallar bir-birini əvəz etməyə başladı ” Elşən bu vaxta qədər hardaydı ? Kİminlə idi ? Dilinə bir qram içki vurmayan Elşən niyə bu qədər içmişdi ? kimlərlə içmişdi ? Səbəb nə idi ?
Bir söz deməyib sakitcə pillələrlə evə qalxdı.Elşən də ayaqlarını güclə ardınca çəkib birtəhər özünü evə çatdırdı.Çəkmələrini çıxarıb hərəsini bir tərəfə tulladı.Üst geyimini çıxarmağa isə halı yox idi.Süsən ona yaxınlaşıb əynini soyunmağa kömək etdi,çəkmələrini cütləyib səliqə ilə qoydu.Əl-üzünə sərin su vurdu.Qoluna girib divana oturtdu.Elşən heç nə ifadə etməyən gözlərilə stolun üstünə baxdı.Dilini ağzında güclə hərləyərək:
-Çay var ? – dedi.
Süsən :
-Çay da , yemək də hazırdır . – desə də Elşənin onu nə eşitmədiyini , nə də anlamadığını aydın görürdü.
Amma yenə də stəkan , nəlbəki götürüb çay süzmək üçün mətbəxə keçdi.Qayıdanda…Gördüyünə məəttəl qaldı .Elşən elə divandaca yatmışdı.Fikrində yenə suallar dolandı :”Onu yataq otağına necə keçirəcəkdi ? Elşən niyə bu kökə düşmüşdü ?
Nə qədər cəhd etsə də Elşəni divandan qaldırmağa gücü çatmadı.Yorğan gətirib üstünə örtdü.Özü isə işığı söndürüb yataq otağına keçdi.
Gözlərini yumub yatmaq istəsə də, yata bilmirdi.Günbəgün , saatbasaat ,anbaan həyatının uçuruma yuvarlandığı göz qabağında idi.Səbəb nə idi ?…
Niyə qadının öhdəsinə fədakarlıq, cəfakeşlik düşdüyü halda ,kişi istədiyi həyat tərzini seçə bilirdi ? Niyə qadın arzulamadığı həyatı yaşamağa məhkum idi ? Məgər qadının xoşbəxt olmağa, öz arzuladığı həyatı yaşamağa haqqı yoxmu ? 
Bu sualın sadə bir izahı vardı : – Çünki o , qadın idi .
Qulağına anasının vaxtilə ona söylədiyi bir söz düşdü : ” Tərəflər arasındakı uyğunsuzluq insana cəhənnəm əzabı yaşadır , bütün həyatını məhv edir . Odur ki , qızım ,seçimində diqqətli ol ! “
Bu da yanlış seçimin acı nəticələri…Səni qınamıram , ana , mənim xoşbəxtliyimə mane olmamaq üçün seçimi öz ixtiyarıma buraxdın…Amma xoşbəxt oldummu ?
Dərindən köks ötürüb gözlərini yumdu.
Səhər Elşən yuxudan oyanıb özünü divanda görəndə çaşbaş qaldı.Heç nə xatırlamırdı.Qalxmaq istədi , bədənində , əzələlərində ağırlıq hiss etdi . Başı möhkəm ağrıyır ,ürəyi bulanırdı .Süsən səssiz -səmirsiz çay dəmləyirdi.Elşənin oyandığını hiss etsə də , onun tərəfə baxmır , özünü məşğul göstərirdi.
-Süsən…Nəhayət Elşən dilləndi.
-Eşidirəm.
-Mən işdən gec gələndə narahat olma.İşimiz çoxdur.
-Yaxşı.Yəqin ki,işinin çoxluğundan o günə düşmüşdün.
-Nə demək istəyirsən?
-Demək istəyirəm ki,sən son vaxtlar çox dəyişmisən.- sözü ağzında qaldı. Sifətinə dəyən şillədən müvazinətini itirdi.
Ardı var.

Govher Rustamova
www.kafiye.net