ÖTMÜŞ QATAR… 3.

Aydın hər səhər evdən həmişəkindən tez çıxır , məhəllənin aşığı tərəfində dayanırdı. Rəna yanından keçib gedəndə asta – asta onun ardınca məktəbə tərəf addımlayırdı.
Həmişə dərsdə oğrun – oğrun bir – birinə baxıb gülümsəyən bu yeniyetmələr indi sanki öz baxışlarından da çəkinirdilər.
Məktəblə vidalaşmağa lap az qalırdı . İndi onları həm buraxılış, həm də qəbul imtahanları gözləyirdi . Hər ikisi imtahanlara çox ciddi hazırlaşırdı . 
Nəhayət qəbul imtahanlarının nəticələri açıqlandı . Rəna Pedaqoji instituta , Aydın isə Rusiyadakı Ali məktəblərin birinə qəbul olmuşdu . Hamı onları təbrik edib, gözaydınlığı versə də , nəticələr gənclərin ürəyicə deyildi . Bu , əslində onların ayrılıq fərmanı idi …
Aydının anası yerə – göyə sığmırdı . Oğlunun Rənadan ayrılacağına çox sevinirdi . Qonşulara “ Yaxşı oldu , – deyirdi , – bir müddət bir – birilərini görməzlər , soyuyarlar . Aydın institutu bitirib geri dönəndə isə qardaşımın qızına nişan apararam. Qız da yəqin ki, o vaxta qədər kiməsə ərə gedər”.
Məsələnin belə şəkil alması Rənanın da anasının ürəyindən idi . Onsuz da bundan belə o ailə ilə heç bir şey alınmayacaqdı.
Gənclərinsə üzü gülmürdü . Rəna günlərlə evdən çölə çıxmır, otağına çəkilib sükuta dalırdı. Yaxın rəfiqəsi Gülyaz tez – tez ona baş çəksə də , dinib – danışmır , kefi açılmırdı .
Aydın isə özünə yer tapa bilmirdi . Rənadan ayrı yaşamaq ona cəhənnəm əzabından da betər görünürdü .Nəhayət anası ilə danışmaq qərarına gəldi . 
Mətbəxdəki işini bitirən ana əllərini yuyub otağa keçəndə Aydın sakit səslə :
-Ana …, – dedi . Sənə sözüm var . Məni dinləməyə hazırsanmı?
Ana duruxdu :
-Nə olub , ay bala ? Fikirli görünürsən .
-Ana , mən Rusiyada təhsil almaq istəmirəm. Topladığım bal seçdiyim Ali məktəbdə oxumaq üçün yetərli olmadı , eybi yox . Bir az da yaxşı hazırlaşıb gələn il yenidən imtahan verərəm. Amma …Amma Rusiyaya getməyəcəm.
Ananı elə bil ildırım vurdu :
-Başına at təpib nədir ? Camaat Rusiyada oxumaq üçün dəridən – qabıqdan çıxır , sənsə şadlığına şitlik edisən ?, – nəsə fikirləşib , – həə , bilirəm , bunlar hamısı o qızın fitnə – felidir .Səni yolundan azdırır !
Aydının səbri tükəndi :
-Rənanın bu işə heç bir dəxli yoxdur , ana ! Mən onun heç üzünü də görmürəm! , – səsini yavaşıtdı , – Rusiya həyatı mənə maraqlı deyil . Nəyə görə beş il istəmədiyim bir həyatı yaşamalıyam ?
-Sən hələ heç gedib ora çıxmamısan . Nə bilirsən , bəlkə xoşuna gələcək ? 
-İstəmirəm ana . Hələlik burda bir iş tapıb işləyərəm , sənə də kömək olar . Gələn il yenidən imtahan verərəm.
-Yox ! Mənə sənin işləməyin yox , oxumağın lazımdır ! Nə bilirsən gələn il nə olacaq ? Nağdı qoyub , nisyənin dalınca düşmə ! Allahına da şükr elə ki , elə bir Ali məktəbə qəbul olmusan . Oxuyub gələrsən , dayının qızına nişan apararıq .
Aydının hikkəsindən sifəti pörtdü . Anası ilə söhbətin bir nəticə verməyəcəyini anlayıb hirslə otaqdan çıxdı.
Avqustun sonları idi . Yeni tədris ilinə hazırlıq görülürdü .Anası Rənaya yeni geyimlər , çanta , ayaqqabı alır , qızını sevindirməyə çalışırdı. Qızınsa üzü gülmürdü ki , gülmürdü.
Günortaya yaxın qapılarının zəngi çalındı , Gülyaz idi . Qızlar mehribanlıqla görüşüb Rənanın otağına keçdilər . Gülyaz Rənanı qucalayıb:
-Lap az qalıb, Rəna !, – dedi, – gələn aydan artıq tələbə həyatı yaşayacağıq .Elə səbrsizlənirəm ki , günləri sayıram .
Rəna heç nə deməyib baxışlarını kənara çəkdi .Gülyaz hər şeyi çox gözəl anlayırdı .Aydının Rusiyaya hazırlaşması Rəna üçün çox ağır idi . Birdən nəsə fikirləşib :
-Rəna , – dedi . Dünən mağazaya gedəndə yolda Aydını gördüm .
Rəna diqqətlə onun gözlərinə baxdı. Gülyaz sözünə davam etdi:
-O yazıq da zülm çəkir, Rusiyaya getmək istəmir.Anası zorla məcbur edir . Bütün fikri sənin yanındadır.Vəziyyətdən heç cür çıxış yolu tapa bilmir, – sözünə bir qədər ara verdi , – bilirsən, bizim bir planımız var .
Rəna maraqla ona baxdı:
-Nə plan ?
-Biz belə qərara gəldik ki , Aydın ordan sənə yazdığı məktubları bizim ünvana göndərsin, mən də gizlicə onları sənə çatdıraram.
Rənanın gözləri güldü :
-Doğru deyirsən?
-Əlbəttə. Sənin də yazdıqlarını xəlvətcə ona göndərərəm.
Rəna birdən nə fikirləşdisə, rəngi tutuldu :
-Ehh, Gülyaz , xeyri nədir ki ? Onsuz da bu işlərin sonu yoxdur .Anası ona öz qardaşının qızını alacaq .
-Bilmək olmaz. İnsan öz sevgisi uğrunda mübarizə aparmalıdır .Onun ürəyi o qızı istəməyəndən sonra anası onu necə alacaq?
-Nə bilim . Rusiyaya da getmək istəmir , anası onu necə məcbur edir ?Bir də ki , məktublar sizin ünvana gələndə evinizdə narazılıq yarana bilər.
-Ona görə narahat olma, anamla bu barədə danışmışam.Düzdür , əvvəlcə bir az duruxdu , amma sonra razılıq verdi. Hər dəfə sizdən söhbət düşəndə , analarınızı çox qınayır .” Gərək lap bu qədər açılışmayaydılar “ deyir.Nə isə…ürəyini sıxma , ölümdən başqa hər şeyə çarə var. İndi isə mən gedim, bəzi işlərim var . Elə tələsik gəldim ki , bunları deyim, – Rənanın üzündən öpdü, – sağ ol , əzizim.
Rəna da onu öpüb , astadan :
-Çox sağ ol, Gülyaz , – dedi. Hər şeyə görə çox sağ ol.

Ardı var .

Govher Rustamova
www.kafiye.net