ÖTMÜŞ QATAR… 2.

Rəna duruxdu. Addımlarını yavaşıtsa da , arxaya dönməkdən ehtiyatlanırmış kimi başını azacıq yana çevirdi .Gümanında yanılmamışdı ; Aydın idi.
-Rəna…Bu , sənsənmi Rəna?
-Mənəm Aydın.
-Aman Allah ! Kimin ağlına gələrdi?, – Aydının səsi titrədi, – nə qəribə təsadüf!
-Həyat qəribəliklərlə doludur . Mən də əvvəl səni tanımadım…Zaman işini görüb, – gülümsədi , – hər ikimizə öz sığalını çəkib, – Aydına tərəf döndü , – mənim avtobusum yaxınlaşır…
Aydın nə deyəcəyini bilmir , əsəbi halda bığlarını çeynəyirdi:
-Rəna , bəlkə …bəlkə tələsməyəsən , hə ? Səni hara qədər lazımdırsa , ötürərəm. 
Rəna düşüncəsi ilə hisslərinin arasında çaşbaş qalmışdı . Cavab verməyə tələsmirdi.
-Bəlkə sonrakı dayanacağa qədər piyada gedək ? Hə ? Yolda söhbət edərik . Gör neçə illərdir bir – birimizdən xəbərsizik.
Rəna etiraz etmədi:
-Yaxşı , nə deyirəm , gedək . Həm də təmiz hava alarıq .
Qoşa addımlayırdılar , lap əvvəllərdə olduğu kimi…
Aydınla Rəna bir sinifdə oxuyurdular . Hər ikisi dərs əlaçısı idi . Eyni məhəllədə yaşadıqlarından çox vaxt məktəbə də bir yerdə gedib – gələrdilər . Getdikcə aralarındakı münasibət dostluqdan tam fərqli bir hissə çevrilirdi . Bu, artıq ətrafdakıların da diqqətini cəlb etməyə başlamışdı.Məhəllədə də söz – söhbət gəzirdi və bütün bunlar hər iki ailəni narahat edirdi .
Günlərin birində Aydınla Rəna məktəbdən evə dönərkən məhəllənin girəcəyində analarının söhbətləşdiyini gördülər . Qadınların yanağı əsəbdən pörtmüşdü. Getdikcə söhbət qızışır , səs tonları qalxırdı. Gənclər özlərini itirdilər. Nə baş verirdi ? Niyə analar belə kükrəyib coşurdular?
Sakitcə onlara tərəf irəlilədilər . Analar o qədər həyəcanlı idilər ki, uşaqların onlara yaxınlaşmasını belə hiss etmirdilər.
Aydının anası :
-Bura bax qonşu , – dedi , – mənə yaxşı qulaq as , – bizim uşaqlarımızın hələ o vaxtı deyil. Sən qız anasısan , məndən də çox narahat olmalısan . 
Söhbətdən tutulan Rənanın anası :
-Anlamadım , – dedi , – bununla nə demək istəyirsiz?
-Çox gözəl anlayırsan , qızınla Aydın hər gün bir yerdədirlər . Bu , səni heç narahat etmir ?
-Onlar bir yerdə oxuyurlar , burda nə var ki ?
-Çox şey var . Bir – birinə isinişəcəklər , sonra gəl bunları ayır görüm , necə ayırırsan .
-Siz nə danışırsız ? Onlar hələ uşaqdırlar .
-Uşaq da olsalar , hər halda , nələrisə dərk edirlər . Bütün məhəllə onlardan danışır . Ayıbdır ! Bir də ki …Bir də ki , heç uşaq olmasalar da…mən…mən sənin qızını oğluma alan deyiləm ! Öz qardaşımın qızına nə gəlib ki ?
Əsəbindən pötrmüş qadın qaşlarını çatıb :
-Sizin oğlunuza qız verən var ki ? , – dedi , – mən sizə heç kor pişiyimi də vermərəm! Atasız böyüyən biri mənim qızıma heç layiqdirmi ? Yetim quzudan qoç olmaz!
Gənclər bir – birinə baxdılar . İlahi , onların qulaqları nələr eşidirdi ?
Analar əsib – coşur , bir – birinin səsini batırmağa çalışır , özləri də hiss etmədən açıq – aydın təhqirə keçirdilər . Gənclərsə…maddım – maddım bir – birinin üzünə baxır , eşitdiklərindən mənən sınır , sarsılırdılar .
Rəna söhbəti dayandırmaq üçün irəli keçib sakitcə :
-Ana …, – dedi .
Anası onu görcək bir az da pörtdü . Əsəbi halda qızın qolundan yapışıb evlərinə sarı çəkdi . Hamının eşidəcəyi səslə , ucadan :
-Bir də səni onunla görsəm , məndən incimə ! , – dedi . Başını aşağı sal , dərsini oxu ! Bir bu qalmışdı!…, – deyinə -deyinə ordan uzaqlaşdı.
Aydının da anası oğlunun kürəyindən möhkəm itələyib iti addımlarla öz evlərinə tərəf addımladı .
Ailələr arasında yaranan münaqişə getdikcə daha da dərinləşirdi . Dərinləşdikcə də yenicə pöhrələnən sevgi ağacına balta vurur , onu amansızlıqla yaralayırdı…

ARDI VAR .

Govher Rustamova
www.kafiye.net