Gedəcəm

Gedəcəm başımı alıb buradan.
Ruhun gedişimi duymayacaqdır.
Məni soruşsan da dost ya tanışdan.
Məndən bir xəbərin olmayacaqdır.

Kimsə verməyəcək məndən bir soraq.
Hamı çiyin çəkib, ağız büzəcək.
Bəlkə də bir çoxu sənə əzizim.
Yazıq dəli olub dəli deyəcək.

Sənsə axtararsan hər gün hər saat.
Gecələr gündüzə qarışacaqdır.
Qəlbində bir ümid baş qaldıracaq.
O ümid də səni aldadacaqdır.

Çökəcək üzünə dərin qüssə qəm
Gözlərin həsrətlə məni gəzəcək..
Dediyin hər sözün sonunu billəm.
Dilin kaş ki,kaş ki ancaq deyəcək

Qaçaq düşəcəksən aynalardan da.
Aynalar kabusun olacaq sənin
Özünü aynada gördüyün zaman.
Öz əksin gözünü yoracaq sənin

Qapın döyüləndə qaçıb qapıya.
Elə düşünərsən mənəm gəlmişəm.
Sevincək qapını açdığın zaman.
Görərsən o gələn mən deyilmişəm.

Səni dindirəcək xatirələrim.
Məndən danışacaq sənə bilirəm.
Hər gecə qapını döyüb yalnızlıq.
Qonağın olacaq sənin bilirəm.

Bir gün unudarsan danışmağı da.
Hamıdan qoparaq yadlaşacaqsan.
Bir gün gedəcəyəm səndən uzağa.
Sən məni heç yerdə tapmayacaqsan.

Nahidə  Tagıyeva Qurbanova
04.01.2017
www.kafiye.net