Saçlarım Sığalın

Saçlarım sığalın səndən istədi.
Gəldim məzarının önünə Ana
Açdım saçlarımı əlin dəymədi.
Yoldu saçlarımı öz əlim Ana.

Oxşadı əllərim buz məzarını.
Çağırdım səsimə səs də vermədin.
Əllərim yolarkən öz saçlarımı
Niyə məzarından sən tərpənmədin?

Kaş ki məzarından durub ayağa
Balanı bağrına basa biləydin.
Sənin sığalına həsrət saçlara
Bircə yol əlini çəkə biləydin.

Bəlkə də bitərdi onda bu həsrət
Bəlkə qovuşardım onda mən sənə.
Bəlkə yığışaraq ora köçərdim.
Sənin daş məzardan olan evinə.

Sənə qonaq gəldim axı bu gün mən
Üzümə sən qapı niyə açmadın.?
Açıb daş məzarın daş qapısını.
Məni öz evinə niyə qoymadın?.

Niyə danışmadın a lal baxışlım.?
Niyə ovutmadın kövrək qəlbimi?.
Niyə dinləmədin a nur simalım?
Niyə dinləmədin bircə dərdimi?

Saçlarım sığalın səndən istədi.
Gəldim məzarının önünə Ana
Açdım saçlarımı əlin dəymədi.
Yoldu saçlarımı öz əlim Ana.

Nahide Tagıyeva  Qurbanova
29.12.2017
www.kafiye.net