65-ə necə catdım
(Özümün ad günüm münasibətilə)

Boğulurdum burulğanda, saman çöpünə əl atdım,
Ruhum ilə təkan verib, yatmış bəxtimi oyatdım,
Qüssə dolu həyatıma, bir anlığa sevinc qatdım,
Cəm edib köhnə dostları, sidq ürəklə əl uzatdım,
Heç özüm də bilmirəm ki, 65-ə necə çatdım.

Kimsənin həyatı olsun, istəməm mənim günümdə,
Özümü dərk eləyəndən, dərd, kədər gördüm önümdə,
Taleyim yazılmış imiş, demə başqa bir yönümdə,
Görmüşəm cəhənnəmimi, cənnətə var beş-on addım,
Heç özüm də bilmirəm ki, 65-ə necə çatdım.

Fələk məni döyəclədi, zəmanə çox şey qandırdı,
Tale çiynimə yük oldu, kövrək qəlbimi sındırdı,
Od tutub yandım içimdə, çölüm özgəni yandırdı,
Arayıb dürlü sözləri, söz içindən söz çıxartdım,
Heç özüm də bilmirəm ki, 65-ə necə çatdım.

Düzlük “iksiri” doldurdu, İlham pərim qələmimə,
Özümü soxmadım gözə, yalan gəlmədi dilimə,
Neçə-neçə mənfur ünsür, tab gətirmədi selimə,
Daş vücudlar silkələyib, yatmış beyinlər oyatdım,
Heç özüm də bilmirəm ki, 65-ə necə çatdım.

Məətdəldim, günü-gündən, rişə verən alaqlara,
Genimizi dəyişdirən, pöhrə verən calaqlara,
Çox sözlərim kar etmədi, əbədi kar qulaqlara,
Məni başa düşənlərə, Haqdan gələn bəyanatdım,
Heç özüm də bilmirəm ki, 65-ə necə çatdım.

Qalıbdı arxa planda, kimsəsizlər, “tərəf”sizlər,
Yaranır süni toxumdan, yeni-yeni sələfsizlər,
Bu xalqa ağıl öyrədir, ləyaqətsiz, şərəfsizlər,
Ekrandan doluşur evə, şər qüvvələr addım-addım,
Heç özüm də bilmirəm ki, 65-ə necə çatdım.

Qanad çıxartı ənənə, uçub getdi mentalitet,
Reklam həyatı zorladı, hər şeyimizdə etiket,
Süni gülüş, süni əda, süni çələng, süni buket,
Qondarma kiprik altından, seyr edirik maddım-maddım,
Heç özüm də bilmirəm ki, 65-ə necə çatdım.

Nə gecəm gecə olubdu, nə gündüzüm, gündüz kimi,
Qəlbimi gizlətməmişəm, xalqdan hicablı üz kimi,
Çingizəm, bu sətirlərim, qalar həyatda iz kimi,
Bəzən sevinc bəxş elədim, bəzən də qanlar qaraltdım,
Heç özüm də bilmirəm ki, 65-ə necə çatdım.

01 Dekabr 2017-ci il
Çingiz Kürdəmirli.
www.kafiye.net