Kişi qeybət etməz

(İndi biz kişilər,qadınlardan çox qeybət edirik)
Başında beynin var, alnında “yazı”n,
Tanrının bu əlaqəsin duymadın?
Əqlin dəyişdirər həyat formasın,
Olsa inamına öz etimadın,
Kişi qeybətini etməz arvadın.

Xeyli dəyişibdir həyat forması,
Dietdədir eşq, məhəbbət norması,
Var evlənmək, var boşanmaq “firması”.
Qəbirdən xortlayar, bilsə əcdadın,
Kişi qeybətini etməz arvadın.

Qaynananı ana bilsən özünə,
Baldız bacıtək görünsə gözünə,
Qaynın qardaşdan çox baxar sözünə,
Bərpa olar, hər nə varsa, bərbadın,
Kişi qeybətini etməz arvadın.

Bu həyata, çalış açıq gözlə bax,
Bizi nə gözləyir bilinmir, – sabah…
Qalmaqaldan, didişmədən ol uzaq, 
Anan da qadındır, bacın da qadın,
Kişi qeybətini etməz arvadın.

Axmaq fikirləri çıxar başından,
Gen düşərsən, qohumdan, qardaşından,
Olarsan “Əli həm Vəli aşı”ndan,
İtirərsən bütün həyatın dadın,
Kişi qeybətini etməz arvadın.

Həmişə qadına xanım deyiblər,
Əzizləyib, gözüm, canım deyiblər,
Başa düşməyənə, olsun eyiblər,
Sənə görə dəyişibdir soyadın,
Kişi qeybətini etməz arvadın.

Çingiz heç bir zaman öyməyib özün,
Şərə, nadanlığa yummayıb gözün,
Öldürsələr belə, deyəcək düzün,
Heç kəs unutmasın qeyrətin, zatın,
Kişi qeybətini etməz arvadın!!

Çingiz Kürdəmirli
www.kafiye.net