TAPAMMIRAM ÖZÜMÜ

İtirmişəm,tapammıram özümü,
Taqətim kəsilmiş,səbrim də itmiş.
Mən özüm-özümü gəsən yollarda
Əzablar səpilmiş,tikanlar bitmiş.

Taqətim kəsilmiş,səbrim də itmiş,
Bilmirəm dünyanın harasındayam.
Özümün- özümə harayı,səsi,
Özümlə- özümün arasındayam.

Bilmirəm dünyanın harasındayam,
Bilmirəm nə gündü,hansı fəsildi?
Mən insan doğuldum, insanam dedim,
Yerlər də,göylər də qənim kəsildi.

Bilmirəm nə gündü,hansı fəsildi,
Bir üzüm bahardı,bir üzüm qışdı.
Bir anım özümə min sevgi,alqış,
Bir anım özümə nifrin,qarğışdı.

Bir üzüm bahardı,bir üzüm qışdı,
Dilim-damağım da ayrı təmdədi.
Bir gözüm fərəhdə,nəşədə,şəndə,
Bir gözüm əbədi yasda,qəmdədi.

Dilim-damağım da ayrı təmdədi,
Bölünüb,fikirlər haçalanıbdı.
Misralar yazıqdan-yazıq,gah da ki,
Savaş havasında hecalanıbdı…

…Mən məndən aralı,məndən yaralı,
Allah,qaytar mənə səbri,dözümü!
Doğulandan düşüb mən öz izimə,
Tapammıram hələ də öz-özümü.

Məzahir İsgəndər
www.kafiye.net