MƏNİ GÖRÜŞƏ ÇAĞIR

Məni görüşə çağır qara bulud dolanda,
Görünməsin gözlərim, biraz yağım yağışla.
Ürəyimin yarası səssiz qanayacaqdır,
Məni anlayacaqsan inan ki bir baxışla.

Məni görüşə çağır payız fəsli olanda,
Son dəfə gəlib yenə şeir söyləyim sənə.
Şeirimdə alıb səni aparacam göylərə,
Yenə əvvəlki kimi “gülüm” deyərsən mənə.

Məni görüşə çağır, gəlim xəzəl çağında,
Geyim sarı libası seçilməsin simamdan.
Məni görüşə çağır ay-ulduzlu gecədə,
Son görüş, son xatirəm silinməsin röyamdan.

Seadet Rzayeva Qerib
www.kfiye.net