A qardaş

Ataların bir sözü, məni salıbdı çaş-baş,
Daldan atılanda daş, başa dəyir, a qardaş!

Milləti müflis edib, arzulara çatanlar,
Qeyrəti, şəxsiyyəti, vicdanını satanlar,
Nə vaxtı gündəmdədi, açıq-aşkar “atan”lar,
Cürbəcür hoqabazlar cibləri edir təraş,
Daldan atılanda daş, başa dəyir, a qardaş!

Kimin əli əyrisə, bil ki, uzundur dili,
Qanunlar var qüvvədə, milçək eyləyir fili,
Beş adama satırlar, tikməmiş bir mənzili,
Cinayətkarı kimsə, tapıb eyləməyir faş,
Daldan atılanda daş, başa dəyir, a qardaş!

Qarşımızda olacaq, hələ çox uçurumlar,
İndi tamam fərqlidir, aparılan sorumlar,
Fəaliyyət göstərir, neçə dini qurumlar,
Biz ancaq özümüzlə edə bilərik savaş,
Daldan atılanda daş, başa dəyir, a qardaş!

Bir yandan Amerika, bir tərəfdən Rusiya…
Bizə dəstək olammaz, Avropa, nə Asiya,
Mənliyimiz də pultək, edir devolvasiya,
Silinib getməkdədir, beynimizdəki yaddaş,
Daldan atılanda daş, başa dəyir, a qardaş.!

Yaxşı olar bu köhnə, adət-ənənə itsə,
Virtual sevişənlər, kama-murada yetsə,
Daha boşanma olmaz, “Beşdə/beş” elçi getsə,
Razı qalar bəy, gəlin… Alarsa “halal şabaş”…
Daldan atılanda daş, başa dəyir, a qardaş!

Qüvvədədir Sabirin, yüz il əvvəl dediyi,
Bizi ayılda bilməz, İsrafilin “Düdüyü”,
Elə bura qədərdi, Çingizin də bildiyi,
Kiməsə deyə bilməz, var gözün üstündə qaş,
Daldan atılanda daş, başa dəyir, a qardaş!!!

11. 11. 2017.
Çingiz Kürdəmirli.
www.kafiye.net