S A B A H I N I Z xeyir olsun

Ey harayım,ey alovum,ey odum
Tarım,sazım,ey kamanım,ey udum,
Ey arxamca düşüb,qovan qəm ordum,
Olsun!..Xeyir olsun SABAHINIZ da!

Ey süzülən qanqarışıq göz yağım,
Ey sınan,qırılan qolum-budağım,
Gün görməyən söz gülşənim,söz bağım,
Olsun!..Xeyir olsun SABAHINIZ da!

Ey qazanı boş qaynayan ocağım,
Ey talanan evim, küncüm-bucağım,
Min əzabla,dərdlə dolu qucağım,
Olsun!..Xeyir olsin SABAHINIZ da!

Ey dörd əllə məni döyən adamlar,
Əzib-keçib,məni söyən adamlar,
Qanım içib,ətim yeyən adamlar,
Olsun!..Xeyir olsun SABAHINIZ da!

Ey tərk edib məni,gedən dostlarım,
Bir görünüb,min də itən dostlarım,
Hərəsi bir yanda bitən dostlarım,
Olsun!..Xeyir olsun SABAHINIZ da!

Ey məni unudub,atan yaddaşlar,
Başıma-gözümə çırpılan daşlar,
Nağıl olan arxadaşlar,yoldaşlar,
Olsun!..Xeyir olsun SABAHINIZ da!

Ey adımı düz yox,tərsə yozanlar,
Altdan-altdan mənə qəbir qazanlar,
Başdaşımdan adımı da pozanlar,
Olsun!..Xeyir olsun SABAHINIZ da!

Ey pisə də yaxşı olan YAXŞILAR,
İnsanlığın naxşı olan YAXŞILAR,
Haqqın məhək daşı olan YAXŞILAR,
Olsun!..Xeyir olsun SABAHINIZ da!

Ey sevincim,şənim,dərdim-ələmim,
Ey inamım,sağım…solum…əməlim,
Əlim-qolum…ey dəftərim,qələmim,
Olsun!..Xeyir olsun SABAHINIZ da!

Məzahir İsgəndər
www.kafiye.net