Bir bilinməz,nə sirrəm

Qafil,məni duyamazsan,
Məni duyan gülməz,ağlar!
Bir gül sanar göz yaşların,
Əzizlər də,silməz,ağlar!
Müəllif

Bir anda baharam,bir anda qışam,
Bir bilinməz nə hallıyam,nə sirrəm?
Bir ağacın olub kökü,gövdəsi,
Bir ağacda yarpaq olub,əsirəm.

Bir bilinməz nə hallıyam,nə sirrəm,
Bir anda çeşməyəm,bir anda seləm.
Bir anda ruhları oxşar sərin meh,
Bir anda tufanam,bir anda yeləm.

Bir anda çeşməyəm,bir anda seləm,
Gah vamlaşıb,gah səddimi aşaram.
İtirib zamanın,günün ölçüsün,
Bir anda il nədi,əsri yaşaram.

Gah vamlaşıb,gah səddimi aşaram,
Bir anda yıxıllam,bir anda durram.
Bir anda toy tutub,çalıb-oynayıb,
Bir anda özümə qəmxanə qurram.

Bir anda yıxıllam,bir anda durram,
Bir anda tikanam,bir anda güləm.
Bir anda dünyanı saran od-alov,
Bir anda sopsoyuq,bumbuz bir küləm.

Bir anda tikanam,bir anda güləm,
Bir anda özüməm,bir an özgəsi.
Gah başım üstündə bir həyat eşqi,
Gah da gəzər bir ölümün kölgəsi.

Bir anda özüməm,bir an özgəsi,
Bir anda köləyəm,bir anda ağa.
Bir anda sevgiyəm,bir anda nifrət,
Bir anda da xalam bir al yanağa…

…Bir anda sevgiyəm,bir anda nifrət,
Bu ölçüyə, Allah, necə sığışam?
Günüm,ilim,nə də fəslim bilinməz,
Bir anda baharam,bir anda qışam…

Məzahir İsgəndər
www.kafiye.net