Yad insanlar

Bizim kimi istirahətə gedənlər dağın başına az qalmış yonulan at başını görürdülər, az kişinin cəsarəti çatırdı, atın başınacan çıxsın, şəkil çəkdirsin. 
– Bəs qadın? Ora heç qadın çıxıbmı?- getdiyim evin sahibindən soruşdum.Atam qonaqdan əvvəl cavab verdi.
– Qızın orda nə işi var? Kişi güclə çıxır. 
Atamın qadlnla kişi arasında həmişə fərq qoymağı məni qıcıqlandırıb. Onun qızıydım, gərək bunu heç vaxt unutmaya!
” Başım ağrıyır, yatacam” bəhanəsiylə süfrədən qalxdım. Həyət evi olduğu üçün qapıdan girib, pəncərədən hoppandım. Görməsinlər deyə,həyət qapısından çıxanacan ördəkyerişi getdim. Dəniz sahilinə çatdım. İndi də çimmək könlümdən keçirdi, di gəl, gözlərimi atın başından çəkə bilmirdim. Onsuzda boş-bekar adamıydım, itirəcəyim heç nə yox idi. 
“Ya allah” dedim və çıxdım. Atın başınacan çıxdım. Adamı yandıran burdan düşüb ölməyi deyil,buracan qan-tər içində çıx, şəkil çəkdirmə, bax, bu insafdan olmaz! Əlimi atdım şalvarımın cibinə. Lənətə gələsən şeytan, telefonu götürmək yadımdan çıxıb. Bu heyheydə atamın səsini aşağıdan eşitdim.Yerə baxdım, az qala başım gicəllənirdi. Birtəhər özümü ələ almasaydım, çox güman, ölü kimi bir müddət mətbuatın gündəmində qalacaqdım. Kimisi “Allah rəhmət eləsin”, kimisi ” əcəb oldu sənə, dağın başında nə işin vardı. Qızsan qız yerində otur da!… ” və s yazacaqdı.
Atamın əsəbdən nə danışdığını, anamın niyə ağladığını başa düşmürdüm, sadəcə gözümü yonulmuş at gözündən çəkə bilmirdim. Amma dağ keçisi olmaq keçirdi könlümdən. İstədiyin zirvəyə ürəyin istəyəndə, qorxmadan çıxırsan. Düzü, elə bil o gözlərin sehrinə düşmüşdüm. Və xoşbəxt idim, bir arzuma da çatmışdım!…

Şəfaqət Cavanşirzadə
www.kafiye.net