Yad insanlar
(Hekayə) 3

Mən gəmidəki naməlum haqqında düşünərkən, bir də gördüm alpinistlərin ikisi yanımdadır.Onlardan biri məni cəsarətli olmağa çağırırdı.
– Xanım, qorxmayın, inşallah, sizi sağ-salamat yerə endirəcəyik. Ümumiyyətlə, bura necə çıxdınız?
Ölməyəcəyimə o qədər arxayın idim ki!…Zarafatımdan geri qalmadım.
– Gözümü yumdum, çıxdım.
Güldük! Gərgin vəziyyətdə adama lazım olan ən yaxşı vasitədir gülüş.
Onlardan biri atın başına kəndiri bərkitdi, digəri isə, belimə kəməri taxmağa çalışırdı. Sonra kəndirdəki dəmiri kəmərin dəmirinə keçirib, əmin olduqdan sonra hərəkətlərini təkrarlamağımı məsləhət gördülər. Onların hərəkətlərinə baxa-baxa yavaş-yavaş enməyə çalışırdım. Gözlərinə vurulduğum atın başı qopmasa yaxşıdır!…Yoxsa iki dəqiqəlik adreanalin hisslərimin qurbanı olmuş adam kimi tarixə düşərdim.
Ayaqlarımın yerə dəyməyinə az qalmış, adamlar sevincdən alqışladılar. At başında şəkil çəkdirməyimə heyfslənmədim. Sağ olsunlar, şəklimi çəkmək bir yana, videomu da çəkdilər. Şəkillərim internetin qonağıdır bir müddət!…
Gözlərim ixtiyarsız atamın üzündə gəzdi. Üzünün rəngi meyid rəngi olmuşdu.Qısası,bir çırtmayla ağlamağa hazır adamıydı. Atam indiyəcən mənə əl qaldırmamışdı. İndi bir şillə nədir, lap kobud desək, təpiyinin altına salıb, ən yaxşı halda xəstəxanalıq etməyə də haqqı vardı. Bugünkü hərəkətim adi hərəkət deyildi. Ağ eləmişdim, kişiyə övladını itirmiş insanın hisslərini yaşatmışdım. Yazıq anam, çoxdan meyidimi film kimi gözünün qabağına gətirmişdi. 
Anam məni qucaqlayıb hönkürdü. İndiyəcən bu qədər utanmamışdım.
Valideyinlərimə bir günlük cəhənnəm yaşatdığıma görə özümü heç vaxt bağışlamayacam. Utandığımdan nə insanları görürdüm, nə də hiss eləmirdim. Atam qoluma girdi, anamın bir əli belimdə, insanları yara-yara, aralarından keçməyə çalışırdıq.
Hündürlükdə olanda, gördüyüm gəmi gərək çoxdan sahilə çataydı. Fürsətdən istifadə edib dabanımı qaldırdım, barmaqlarımın üstündə yeriməyə başladım. Boydan hündür qız deyiləm. Ətrafımdakı insanlara boy veriləndə harda olmuşam, allah bilir. Həmişə anam deyərdi, ağıl paylananda, sən hardaydın?
Eybi yox, Lətifəylə sonra sahilə gələrik. Lətifə evində qonaq olduğumuz, atamın əsgər dostu Rüfət əminin qızıdır.Hərçənd, burda çox qalacağımıza da inanmıram. Atasını yaxşı tanıyan övladamsa, iki-üç günə Bakıya qayıdacağıq. 
Heç nə olmaz! 
Məchul bəyi öyrənmək üçün iki gün də bəsdir mənə!…

Şəfaqət Cavanşirzadə
www.kafiye.net