Yad insanlar
(hekayə)

Zəminəylə sahiləcən tez-tez arxaya baxa-baxa birtəhər gəldik. Onun gəmisini tapmaq çətin olmadı. Birincisi Zəminə o adamı da, gəmisini də çoxdan tanıyırdı. Üstəlik Sahilə gələnəcən məni xəbərdar eləməkdən az qala çənəsi çıxa! Ağzında saqqız necə danışır, mətəəl qalırdım.
– Yaraşıqlısır, dünyagörmüş adamdı. Qadınlar ona vurulur, o da istifadə edir. 
Ümid verib sevmədikləri də varıydı.Qısası, məhəbbət yolunda çətin sınaq gözləyirdi məni. Cəsarətli addımlar atmağı sevən insanam. Lakin ilk dəfə qorxdum. Niyə qorxdum, aydınıydı. Mənimki ağlım başımdaydı, asanlıqla yoldan çıxarıla bilən deyildim.
Yenə də qürurumu hisslərimə qatıb-qarışırmadım. Bəlkə Zəminənin dediyi kimi deyildi. Bəlkə mənimlə hər şeyə son qoyacaq?Tək bir insana aid olacaq? Mənimki bəxtimi sınamaq idi. 
Gəmisinin rəngi qırmızıydı. Zəminə məni gözlədi, gəmiyə mindim, yazdığım kağız parçasını
bilmirdim hara qoyum ki, görsün. Gözüm gəminin ortasına qoyulmuş balaca stula sataşdı.Zəminəyə baxdım, gəmidən endim, ona yaxınlaşdım.
– Saqqızını ver.
Zəminə təəccübləndi.
– Saqqızı neynirsən?
– Ver, deyəcəm.
Saqqızı alıb yenidən gəmiyə mindim. Bükdüyüm vərəqi açdım, stulun üstünə qoyub kənarlarını saqqızla yapışdırdım. Qəfildən Zəminə gəmiyə mindi.
– Bura gəlir. 
Qorxdum – Atam – İlk ağlıma gələn insanıydı.
– Atam?
– Yox, vallah-billah gəlir. Allah haqqı, sən məni zibilə saldın.
Başqa vaxt olsaydı, hazırcavab idim. İndi hazırcavablığın nə yeri deyildi, nə də ağlıma deməyə söz gəlmirdi.
O adamı gördüm. Gəmisinin qarşısında dayanmışdı. O bizə maraqla, biz ona qorxaraq baxışırdıq.
Çox çəkmədi baxışmağımız, yanımıza gəldi
– Xoş gəlmisiz?
– Vallah, ağlınıza pis heç nə gəlməsin. Biz…Biz…- Zəminə cümləsini tamamlaya bilmirdi, amma stula elə baxırdı ki, adam şübhəylə stula baxdı, yazdığım vərəqi də gördü.
Yaxınlaşıb vərəqi əyilərək oxudu. Boyu çox uzunuydu. Elə bil, allah buna hamıdan qabaq boy verib,1.90 çatardı!
Vərəqi oxuyandan sonra: – Cəsarətli qızsan! Səhərdən səni fikirləşirəm. Lakin bizim sevdamız baş tutmayacaq, şirin qız!
Elə bil məni şillə-təpiyin altına saldılar.Üzünə deyə bilmədim, ürəyimdə soruşdum – Niyə?
Gərək ki ürək səsimi dinləmiş oldu ki, cavab verdi.
– Məndə qıza qadına bağlanmaq yoxdur. Sən safsan, hiss olunur. Mən çoxbilmiş. Həm də bakirə qızlarla işim yoxdur. Səni yoldan çıxartmağın mənası yoxdur.
O adam çox danışdı, sadəcə, ilk cümlələrindən sonra yaddaşım keyləşmişdi, heç nə anlaya bilmirdim.
Sonuncu cümləsini deməmişdən əvvəl mənə yaxınlaşdı, əlimdən tutmuşdu deyə yadımda qalmışdı. Yadımda qalmışdı nədir, heç vaxt unuda bilməyəcəm o cümləni.
– Biz bir-birimizə tamam başqa , yad insanlarıq
Məyus olmuşdum. Zəminə ikimizin də yerinə sağollaşdı, evdən necə çıxmışdıqsa, elə də gəldik. Həmin gecə səhərəcən yatmamışdım. Bir azda cəsarətimi itirmişdim. Təyyarəyə minənəcən onu düşünürdüm, bilmirdim səmimi olduğu üçün ” çox sağ ol” deyilm, ya inciyim?!…
Onu da gördüm təyyarədə. Deyəsən, o da Bakıya qayıdırdı. Mənə baxdı, gülümsədi, başıyla salamlaşdı. Diqqətlə gözlərinə baxdım. Qaşlarını alnında düyünlədi, bu dəfə mən gülümsədim. Başımla salamını aldım. Sonra Bakı aeroportuna çatanacan onun üzünə baxmadım. Təyyarədən düşəndə də baxmadım, bizi qarşılamağa gələn əmimin maşınına oturanacan da baxmadım. Biz bir-birimizə əks olan yad insanlar idi. Mən saf, o neçə-neçə gülü qoxlayan çoxbilmiş!…
Vərəqdə nə yazdığımı bilməyinizi istəmirəm. Çünki yazdıqlarımı özüm də unutmaq istəyirəm!…
Son!…

Şəfaqət Cavanşirzadə
www.kafiye.net