QADIN SİRLİ DÜNYADIR / 25-ci bölüm.

Nazimlə söhbət asan olmasa da,Mayisə onu yola gətirmişdi.
Hər iki ailə arzu-kamla xeyir işə hazırlaşırdı.Gülnar qonşu qızların köməyilə elə gözəl xonçalar düzəltmişdi ki,baxan bir də baxmaq istəyirdi.El adəti,ağsaqqal,ağbirçək xeyir-duası ilə Süsəngilə nişan gəldi.Böyüklərin məsləhəti ilə toy da çox yubanmayacaqdı.Odur ki,kənddəki ev sahmana salınır,Süsən üçün alınan iri cehizlər birbaşa ora daşınırdı.
Mayisə lap kiçik yaşlarından Süsənin adına xeyli cehiz alıb yığmışdı.İndi onları bir-bir açıb baxır,səliqə ilə qutulara yığırdı.Süsən yaxın vaxtlarda ata evini tərk edib birdəfəlik kəndə köçəcəyini düşünəndə ürəyindən kiçik bir sızıltı keçirdi.Anasından ayrılmağın çətinliyini elə bil indi daha dərindən dərk edirdi.Mayisə də daxilən narahatçılıq keçirirdi,ancaq bunu büruzə verməməyə çalışırdı.Süsənindən ayrılmaq ona çox ağır gəlirdi.Amma düşünəndə ki,qızı öz istədiyi ilə ailə qurur,qismən sakitləşirdi.Bir də ki,xəstəliyi ona yaşamağa nə qədər möhlət verəcəkdi,məlum deyildi.Bu səbəbdən də öz şəxsi maraqlarını kənara qoyub,qızının gələcəyini düşünürdü.Ürəyində o qədər arzuları vardı ki…”Görəsən ,ona nənə olmaq səadəti nəsib olacaqdımı?Nəvə şirinliyini dadacaqdımı?”…
-Ana,- Süsənin səsi onu xəyallardan ayırdı.Afət xala dediklərinlə razılaşdımı?
Afət Mayisənin kiçik bacısı idi.Yaşı ötmüş,ailə qurmamışdı.Mayisəgilin yaxınlığında,ikiotaqlı mənzidə tək yaşayırdı.Bu da Mayisəni narahat edirdi.Odur ki,qərara almışdı ki,Süsəni köçürəndən sonra bacısını yanına gətirsin.Nazim səhər gedib,axşam gəlirdi,iki bacı bir yerdə olsalar , darıxmazdılar.Afət Süsənin otağında yaşayar,istəsə öz evini kirayə də verərdi.
Mayisə:
-Hə,qızım,razıdır.O da təklikdən bezib.Burda mənimlə qalmaq onun üçün də yaxşı olar,-dedi.
-Lap yaxşı,ürəyim sakitləşdi.
-Heç nəyə görə narahat olma,qızım.Hər şeydən vacib sənin xoşbəxtliyindir.
-Xoşbəxtlik Allahın əlindədir.
-Xoşbəxtlik insanın öz əlindədir,qızım.Rəvayətə görə,Allah gildən insan düzəldir.Bir parça gil artıq qalır.O,insandan soruşur:
-Səninçün gildən nə düzəldim?
İnsan “Allahım,mənimçün xoşbəxtlik düzəlt” deyir…Allah gil parçasını insanın ovcuna qoyur…Odur ki,mənim balam,bəzi məqamları Allah insanın öz öhdəsinə buraxır…İnşallah , hər şey yaxşı olar.Təki sən xoşbəxt ol,hər şey ürəyincə olsun,yerdə qalanlar düzələn işdir.
Nişandan sonrakı ilk günlərdə Elşən çəkinsə də,getdikcə ürəklənir , demək olar ki,hər gün Süsənlə telefonla danışırdı.Süsən özünü dünyanın ən xoşbəxt insanı hesab edirdi.Dəstəyi yerə qoyandan sonra , Elşənin hər kəlməsini fikrində dəfələrlə , təkrar – təkrar dolandırırdı.Bütün günü o söhbətin təəssürati ilə yaşayırdı.
Nəhayət,toy günü təyin olundu.Süsənin toyu şəhərdə , nüfuzlu restoranların birində olacaqdı.Səhər tezdən isə , kəndə ,Elşənin toyuna yola düşəcəkdilər…

Ardı var.

Govher  Rustamova
www.kafiye.net