QADIN SİRLİ DÜNYADIR / 24-cü bölüm.

Mayisə:
-Gəl,-qızım ,gəl ,- dedi.Ürəyindən nə keçirsə,de.Çəkinmə.
Süsən anasını qucaqladı.Başını onun çiyninə qoydu:
-Bilirsən,- dedi.Ürəyim məni Gülnargilə,kəndə çəkir.Başım ev işlərinə qarışıq olanda belə,fikrim ,xəyalım oralara uçur.Orda yaşadığım günləri təkrar-təkrar yaşamaq istəyirəm.Allah o yerlərdən heç nəyi əsirgəməyib.O ilahi gözəlliyi təsvir etməyə sözlər də acizdir.Qəribədir,bızım həsədlə baxdığımız o gözəllik yerli camaata adi bir şey kimi görünür.
-Onlar gözlərini orda açıblar,özlərini dərk edəndən o gözəlliyin əhatəsindədirlər.Sənin kimilərçünsə yeni mühitdir.,- deyib ana qızının saçlarını tumarladı.Yadıma bir rəvayəti saldın.”Birgünlük kəpənək mərsin koluna qonur və ətrafda gördüyü hər şeyə heyrətlənir:
-Günəş necə mehriban və gözəldir! Səma necə mavidir!Bəs hava! O da necə safdır ! Bütün bunları təsvir etmək üçün söz tapmıram !
Mərsin kolu isə bu vaxt özlüyündə götür-qoy edir:
-Gör neçə illərdir yaşayıram,bunları heç hiss etməmişəm,duymamışam…Və ucadan deyir:
-Eybi yox,kəpənək,sən sabaha kimi bütün bunlara öyrəşəcəksən!
Kəpənək:
-Mənimçün sabah olmayacaq,həyat bu qədərdir,-deyib gözlərini yumur.
Mərsin kolu isə xəcalət çəkib etiraf edir ki,yaşadığı yüz il ərzində görüb qiymətləndirə bilmədiklərini balaca bir kəpənək bircə günlük həyatında görə bilmişdi….”
Gözəllikləri görüb dəyər vermək ürək istər….Ancaq,deyəsən,səni kəndə çəkən tək oranın gözəllikləri deyil axı…,-deyib ana gülümsədi.Qıyğacı nəzərlərlə Süsənə baxdi.
Süsən duruxdu.Mayisə onu qucaqlayıb:
-Qızım,-dedi.Ürəyin hara çəkir,ora da get.Qərarın qətidirsə,axşam atanla danışım.Ailə elə müqəddəs bir şeydir ki,sırf sevgi əsasında qurulmalıdır,kiminsə,nəyinsə xətrinə yox.Mən sənə öz xeyir-duamı verirəm, gözəl balam.
Süsənin gözləri doldu,minnətdarlıqla anasına baxdı.
Söhbətdən bir neçə gün ötmüşdü.Mayisə nahar yeməyi hazırlayır,Süsən isə otaqları sahmana salırdı.Telefon zəng çaldı.Gülnar idi.Süsənlə həmişəki kimi hal- əhval tutub,xeyli zarafatlaşdıqdan sonra əsas məsələyə keçdi:
-Bacı,dediklərimi götür-qoy etdinmi?
-Hə…Anama da açıb dedim…
-Doğrudanmı?Afərin!Hər şey yaxşı olacaq,Süsən.Elşən səni çox istəyir.Heç nəyə görə ürəyinizi sıxmayın.Sən bizim əzizimizsən.Ver telefonu,Mayisə xala ilə də danışım.
Mayisə ilə Gülnarın söhbəti xeyli çəkdi.Belə qərara gəldilər ki,həftənin sonunda Gülnar bibisi Zivər və bir neçə ağbirçəklə onlara gəlsin.Ardından Qadir kişi də kənd ağsaqqalları ilə gələr, birlikdə şirin çay içib nişan gününü təyin edərlər.
Gülnar yerə-göyə sığmırdı.Süsəni gəlinləri kimi bağrına basıb ,üz- gözündən öpəcəyi günü səbrsizliklə gözləyirdi.

Govher Rustamova
www.kafiye.net