QADIN SİRLİ DÜNYADIR/23 -cü bölüm

Gülnar Elşənin gəlişini səbrsizliklə gözləyirdi.Zarafat deyil,telefonla da olsa,elçilik etmişdi…Özünün-özünə gülməyi tutdu:”Lap kinodakı Qədir kimi…Bu himcim nə yaxşı şeydi!”…
Qardaşı içəri keçər-keçməz qabağına yüyürdü.Boynunu qucaqlayıb üz-gözündən öpdü.Elşən bacısının davranışından bir şey anlamasa da,hər halda yaxşı nə isə eşidəcəyini zənn etdi:
-Xeyir ola,Gülnar.Maşallah kefin kökdür.Deyəsən, maraqlı nəsə eşidəcəm axı…
-Həə,özü də çox maraqlı!
Elşən bacısının xasiyyətinə yaxşı bələd idi,bilirdi ki,tutduğunu buraxan deyil.”Allah bilir,mən gedəndən sonra nə qazan qaynadıb…Görəsən,Süsənə nəsə deyib?”,-özlüyündə düşündü.:
-Yenə neyləmisən?,-deyib gözlərini qıydı.
-Neyləmişəmsə,səndən ötrü eləmişəm,qaqa!
Elşən:
-Elə isə,de görək,neyləmisən,mənim şıltaq bacım,-deyib əl-üzünə sərin su vurdu.
-Bilirsən,söhbəti uzatmağın nə mənası?Mus-mus edincə,birdəfəlik Mustafasını dedim,qurtardı.
Elşəni gülmək tutdu:
-Mustafa kimdir ay qız?!
-Özünü avamlığa vurma…Qısası,-əlindəki məhrəbanı Elşənə verdi,-Süsənə zəng vurdum,xeyli söhbətdən sonra gəldim mətləb üstünə.
-Yəni,Mustafadan keçid elədiz Mətləbə…”M”hərfi ilə başlayan başqa adam adı qalmadı ki?,-deyib Elşən elə güldü ki,Gülnar da özünü saxlaya bilmədi.:
-Bax,bir az da dəlilik eləsən,sənə heç nə danışmayacam.Lap yalvarsan da….
-Ay mənim nazlı bacım,duzlu bacım,-gəl yeməyimi ver,səni lap diqqətlə dinləyəcəm.
Gülnar birdən anladı ki,qardaşı işdən gəlir.Yorğun , ac-susuzdur.
-Gəl,hər şey hazırdır,-dedi.Sən yeməyini ye,mən də danışım.
Gülnar Süsənlə olan söhbəti təfərrüatı ilə Elşənə danışdı.Qardaşı ürəyində ona “əhsən !” dedi.Amma…Bu,işin bir tərəfi idi…Bəs Süsən?…O nə deyəcəkdi?…Ata-anası…
Gülnar sanki qardaşının ürəyindən keçənləri oxuyurdu:
-Məncə Süsən razıdır.Onu yaxşı tanıyıram,ürəyiycə olmasaydı,bildirəcəkdi.O,hələ burda olanda özüm bəzi şeyləri hiss eləyirdim…
-Məsələn,nələri ?
-Əzizim,iki adamı üçüncü adam daha yaxşı görür və hiss edir.Qısası,dedim fikirləşsin,götür-qoy eləsin.Bir-iki günə yenə zəng vuracam.
Elşəni yenə gülmək tutdu:
-Səndən yaxşı kəşfiyyatçı olardı…
Gülnar:
-Bə nədi…Mən olmasaydım neyləyərdin?,-deyib əlindəki çay dəsmalını yüngülcə qardaşının çiyninə vurdu.-Həə.qaqa,havadan toy qoxusu gəlir ey,toy!
Elşən bığaltı güldü:
-Hə,hələlik oğlan evində toy qoxusu gəlir,qız evindəki qoxu hələ məlum deyil.Necə deyərlər,”Oğlan evində toydu,qız evinin xəbəri yox”
-Yaxşı olacaq.Ürəyim hiss edir ki,lap yaxında qapımızda toy çalınacaq.Evimizə gəlin gələcək,bu həyətdə körpələr qaçacaq,mənə “bibi” deyəcəklər…
Süsən Gülnarın açıq danışığından,anası ilə olan söhbətdən təzə-təzə tutulsa da,getdikcə sakitləşirdi.Hətta eşitdiyi cümlələri təkrar eşitmək istəyirdi.Elşənlə bağlı bütün söhbətlər ona əziz idi…Onu bir anlığa belə fikrindən çıxara bilmir,gecə-gündüz onun xəyalları ilə yaşayırdı…Mayisə bütün bunları yaxşı dərk edirdı.Hiss edirdi ki,qızının Elşənə meyli var.Onun səadətinə mane olmaq istəmirdi.Çox gözəl anlayırdı ki,qızı ilə ayrılıq çətin olacaq.İstədiyi vaxt balasının üzünü görə bilməyəcək…Amma…Süsənin xoşbəxtliyinə mane olmaq fikri yox idi…Axşam Nazimə nələrisə anlatmaq barədə düşünürdü.Hardan,necə başlayacağını götür-qoy edirdi.Elə bu vaxt Süsən ona yaxınlaşıb:
-Ana,sənə deyəcəklərim var,-dedi.

Ardı var.

Govher  Rustamova
www.kafiye.net