NEYNEK

Əziz tələbə yoldaşım, bacım Dilarənin şirin ləhcəylə dediyi, ən çətin vəziyyətlərdə yola verdiyi “neynək” sözünə, tələbə yoldaşlarımın xahişiylə )))

Dil də dolaşanda düzünü deyər ,
Dilim-dilim olsun, çaşdı da, neynək.
Gözünü yadlardan qoruyan kiprik,
Yandırar, gözünə düşdü də, neynək.

Bizimlə sirr daşı olan ürəkdi,
Bərkiyən üzümüz, solan ürəkdi,
Boşalan ürəkdi, dolan ürəkdi,
Dolub gözümüzdən daşdı da, neynək.

Yol gedən işini bitirib gedər,
Qaçanlar, özünü götürüb gedər,
Kimlərsə başını itirib gedər,
İtibdi tapılar, başdı da, neynək…

Birisi iz salar, birisi ləpir,
Yanan əllərini ağzına təpir,
Zaman saçımıza ağ çiçək səpir,
Payız ötüb keçir, qışdı da, neynək.

Cavanşir Əsgər
www.kafiye.net