Bir az da düşünəkmi?

Məndən mənə üsyan
“””””””””””””””””””””””””””””””””””””
Mən əbədi hürriyyətin
Sevdalı bir cilvəsiyəm.
Anlaşılmaz bir xilqətin
Parlar,sönər şöləsiyəm.
H.Cavid
————-
Mənə üsyan edir içimdəki mən,
Ah,elə alovlu,elə odludu!
Bu nə işdi,nə möcüzə,ay Allah,
Bilmirəm mən olan mənəm,ya odu?

Bilmirəm mən olan mənəm,ya odu,
Bu nə işdi,nə müəmma,bu nə sirr?
Özümdən-özümə uzanan əllər
Nəfəsimi kəsməyəmi tələsir?

Mənə üsyan edir içimdəki mən-
Məğrur,iddialı,min-bir suallı…
Suallar-sorğular “Cəngi”nin üstə
Gedər də gözlərim içində yallı…

Suallar-sorğular qalxan-qılınclı
Qovar…qovar…məni qısar divara.
Mənə tənə edib içimdəki mən,
Deyər ki,sən mənəm,sən yox,avara!

Mənə tənə edib içimdəki mən:
Nədi gözlərindən,-deyər,-bu yağan?
Qələmə,dəftərə ilk sarılan gün
Deyildi nə kədər,nə qüssə ağan…

Deyər ki,məğrurdin ilhamında da,
Qələm nərə çəkib,çapardı atın.
Titrədərdi əsgər olan misralar
Yerin də,göyün də yeddinci qatın.

Qələm nərə çəkib,çapardı atın,
Bu cövlana dar olardı dünya da.
Nə iztirab,nə qəm-qüssə,nə kədər,
Nə göz yaşı yox idi bu dünyada.

Nə umu bilərdin,nə də bir küsü,
Deyildi dünya da bu qədər hədər.
Dünyaya yalvarış,dünyadan giley
Səndən uzaq idi yerlə-göy qədər.

Bəs idi dünyaya zərrə işığın,
Söndün də,külünə oldun bir kölə.
Yox!..Sən mənəm!..Mən olan sən deyilsən,
Üsyan bu süstlüyə!..Üsyan bu külə!

Üsyan göz yaşına,üsyan qüssəyə!
Üsyan iztiraba,dərdə-ələmə!
Üsyan,-əllərini qoyub dizinə,
İnim-inim inildıyən qələmə!

Üsyan köləliyə!..Üsyan qulluğa!
Üsyan,-içindəki Mən olmayana!
Üsyan,-kül içindən üfürüb közün,
Yanıb,yana-yana şən olmayana!..

Üsyan,-gün üzündə ləkə gəzənə!
Üsyan qaranlığa!..Üsyan zülmətə!
Üsyan,-ürəklərdə olan hökmran
Hər cür cəhalətə,hər cür zillətə!

Üsyan,-hər cür…hər cür…hər cür süstlüyə!
Üsyan hər zillətə,zülmə,qorxuya!
Üsyan ona ki,öz mili deyil,
Başqa bir mil ona köynək toxuya…

…Özüm hakim,özüm müti müttəhim…
Özümdən-özümə suallar yağır.
Bir mən qürurunda dağdan da uca,
Bir mən buludları gözündən sağır.

Mən mənim önümdə kimsəsiz,naçar,
Mən mənim önümdə fağırdan-fağır…
Mən mənim hakimi…mən mənim qulu…
Mən məni şişlərin gözünə taxır!

Suallar önündə laldı dilim də,
Qaçım hara bu mən,mənim əlindən?
Bu nə qiyam?..Bu nə tale,ay Allah?
Mənə üsyan edir içimdəki mən.

Mənə üsyan edir içimdəki mən,
Görür də düşmüşəm üzü üstəyəm.
Məndən-mənə sualların cavabın,
Ay Allah!..Ay Allah,kimdən istəyəm?

Məzahir İsgəndər
17.08.2017
02:20
www.kafiyet.net