Düşmədi

Dostluqdan sildim özümü,
Sevgim bloka düşmədi,
Yoluna dikdim gözümü,
Əzrayıl da yetişmədi.

Günlərim ah-zar oldu,
Sevgim aləmə car oldu,
Mənə qəhər düçar oldu,
Dərdlərim yan ötüşmədi.

Dedim, sevən varmı görən?..
Çoxmuş yalançı rəy verən,
Sözüm düşdü pərən-pərən,
Cümlə kimi bitişmədi.

Eşqim döndərdi ozana,
Pozu yox yazı yazana,
İki baş sığdı qazana,
Qaynadı, amma bişmədi.

Çingiz! Səndə varsa ağıl,
Sonsuz yerə bölün, dağıl,
Bu həyatdı, deyil nağıl….
Göydən üç alma düşmədi.!!!

20. 07. 2017.
Çingiz Kürdəmirli
www.kafiye.net