Sinənə

Həyat məktəb, sevənlər dərs alandı,
Oxuyam yenə də, – bir az sin* enə.
Dövran müəllimdi, yada salandı,
Qulaq as, deyirəm kəsəsinə nə…

Yaşadığın duyğu, ən gözəl ansa,
Canın söylədiyin, cananı ansa,
Qovuşmaq istəyən iki cavansa,
Onların dədəsi, nənəsinə nə ?…

İstəyirəm, könlümdəkin yar ana,
Xəlvəti toxunam köhnə yarana,
Aramızda yeni ülfət yarana,
Söyləyəsən nə gəlirsə sinənə.

Göndərdiyim namə çata, oxuna,
Hədəf ola qəlbin sevgi oxuna,
Dodaqlarım, dodağına toxuna,
Qollarım boynuna, əlim sinənə.

Çingiz bir ah çəkər, ahıl yaşında,
Alovlanar qurun, yanar yaşın da,
Axtar məni, gözlərinin yaşında,
Sevgi ürəkdədir, ondan sinə nə ?.

Sin* – Yaş.

Çingiz Kürdəmirli.
www.kafiye.net