AY GƏLİN

Bəyaza bürünüb gəlin gedirsən,
Bir ömür sevgiyə peyman edirsən.
Nədən bu sevgini ayaqlayıb sən,
Sağına,soluna uzanır dilin,
Sən də qocalarsan sən də ay gəlin.

Böyləmi yazıbdır yaradan yazın?
Qışamı bənzədib baharın yazın?
Gəlsə də ucadan səsin avazın,
Qalacaq səninlə işin,əməlin,
Sən də qocalarsan sən də ay gəlin.

Bir oğul böyüdüb verib həyata,
O yazıq qaynana,məzlum qaynata.
Zəhəri qataraq hər xoş ovqata,
Elə dolanırsan aparır yelin,
Sən də qocalarsan sən də ay gəlin.

Qırma qocaların kövrək qəlbini,
Ürəklə söyləsin sənə dərdini.
Bu gün dik tutsan da qamət-qəddini,
Düşün ki,sənin də bükülər belin,
Sən də qocalarsan sən də ay gəlin.

Açma arasını oğul atanın,
Açarsan yolunu vallah xatanın.
Sən də övladısan başqa atanın,
Söylə öz atana uzanar əlin?
Sən də qocalarsan sən də ay gəlin.

Nəsihəti götür el sözü dinlə,
Qocalar sevinər şirin sözünlə.
Sənin də övladın sənin izinlə,
Gedəndə,axmasın gözünnən selin,
Sən də qocalarsan sən də ay gəlin.

Dünyanın bəzəyi sevgidir inan,
Vicdandır baş tacın,ürəkdir yanan.
Düşün sənin də var öz atan-anan,
Hərdən köklə sən də könlünün telin,
Bil ki qocalarsan sən də ay gəlin.

Puç etmə onlarla yaşanan anı,
Həyanla əvəz et ənlik girşanı.
İtaətli dolan,qoru ad sanı,
Sənlə fəxr eyləsin öz oban elin,
Bir gün qocalarsan sən də ay gəlin.

MÜƏLLİF.MƏTANƏT DUYĞULU.
www.kafiye.net