BİR SEVDA VAR ÜRƏYİMDƏ

Bir sevda var ürəyimdə,
Şaxta vurmaz,gün yandırmaz.
Bir sevda var ürəyimdə,
Çamur dəyər,ləkə tutmaz.

Bir sevda var ürəyimdə
Əlim çatmaz,ünüm yetməz.
Susdurmaqçün daş atsalar,
Daşdan belə küsüb getməz.

Bir sevda var ürəyimdə,
Başqa sevdaya bənzəməz.
İllər ötər,zaman keçər,
Sonu bitməz saya gəlməz.

Bir sevda var ürəyimdə,
Yaşasa da yoxdur adı.
Pərvaz etməz azad quş tək,
Sındırılmış qol qanadı.

Bir sevda var ürəyimdə,
Duyğuların duyğu şahı.
Bu elə bir sevdadır ki,
Nə ahı var nə günahı.

Bu sevdanın nədir adı?
Düşünərək bir ad qoyun.
Amma elə sevdadır ki,
Nə oyuncaq nə də oyun.

Bir sevda var ürəyimdə,
Sirli deyil,sehirlidir.
Nə şeirdir nə dastandır,
Nə qafiyə nə bəhrdir.

Bir sevda var ürəyimdə,
Könlüm onu həbs edibdir.
Elə orda,qəlb evimdə,
Həm sevibdir sevilibdir.

Bir sevda var ürəyimdə,
Poladdandır güllə batmaz.
Hər an ayıq sayıq durar,
Bir an belə yuxu yatmaz.

Bir sevda var ürəyimdə,
Kimsə tapmaz izini də.
Yüz min rəssam yığılsa da,
Çəkə bilməz rəsmini də.

Bir sevda var ürəyimdə,
Bütöv cismimi fəth edib.
Bilirəm ki dərmanı yox,
Çarə qılmaz loğman təbib.

Bu sevdanın varmı adı?
Bəlkə sevdam xəyalımdır.
Hər an mənlə qoşa gəzən,
Eşqimə düz ilqarımdır.

Müəllif.M.Duyğulu.
26.03.2017.
www.kafiye.net