Yer də,göy də qandı bu gün

(Xocalı faciəsinə)

Ağla qələm,ağla qələm,
Yer də,göy də qandı bu gün!
Kimi öldü haqq naminə,
Kimi haqqı dandı bu gün!

Dağ da,daş da inləyərək,

Qan ağladı ətək-ətək,
Min bir arzu,min bir istək
Oda düşdü,yandı bu gün!

Kafir qəlbi kinlə doldu,
Bilinmədi,yol nə yoldu,
Baş kəsildi,qol vuruldu,
Göz yaşı ümmandı bu gün!

Allahını dandı bəndə,
Unuduldu iman,din də,
Qundaqdakı körpənin də
Qətlinə fərmandı ,bu gün!

Gün çıxmadı bu dumandan,
Ölüm gəldi dörd bir yandan,
Dünya olub,yaranandan
Yamandan-yamandı,bu gün!

Qan rəngində yağan qardı,
Nalə,fəğan,ahu-zardı,
Sızıldayan,yanan tardı,
İnləyən kamandı bu gün!

Bilinmədi nə niyyəti?
İnsan yedi insan əti,
Bir Kərbəla müsibəti,
Elə,həmin andı,bu gün!

Məzahir İsgəndər
www.kafiye.net