GÖZ YAŞI BORCU.

Eşqin tonqalında yanandan bəri,
Fəryad qoparmışıq, haray çəkmişik.
Vüsal arzusuyla qanadlansaq da,
Sevən qəlbimizə həsrət əkmişik.

Sənə vurulandan bu günə kimi,
Mən səni gül sandım, sən oldun tikan.
Heç nə anlamadım bu gedişindən,
Bilmədim ki, sevgin yalandır, yalan.

Aldanıb şehtana,şana –şöhrətə,
Sərdin ağ gününü ayaq altına.
Bir an düşünmədin gələcəyini,
Özün qənim çıxdın öz həyatına.

Mən sənə sudan pak sevgi bəslədim,
Sənsə oda döndün hər addım başı.
Bilmədin eşq nədir, məhəbbət nədir,
Verdin əvəzində mənə göz yaşı.

Eşqin mənasını duymayan kəslə,
Axı necə qurum mən yeni dünya?
Düz yol axtarmağım hədərdi vallah,
Gah dağ olacaqdır yolum , gah qaya.

Vüsal yoxdur bizim qismətimizdə,
Birimiz gündüzük birimiz gecə.
Nə ağla, nə sızla ,nə boyununu bük,
Anla ki, zülmünə dözmüşəm necə?

Sənə illər boyu can söyləsəm də,
Hər vaxt əvəzində göz yaşı aldım.
Qəddimi əydikcə zülmün , əzabın,
Tanrının gözündə daim ucaldım.

Daha mən gülürəm, sən ağlayırsan,
Hər şey dövran edir indi tərsinə.
Zaur tək Tanrıya borclu qalandı,
Göz yaşı borcunu qaytarır sənə.

19-Sentyabr-2007
Zaur Vedili
www.kafiye.net