Əhdin bura qədərmiş…

Nə bilim… Saflığımdan nahaq sənə inandım, 
Vədlərinə güvəndim, parçalandım, talandım. 
Bal damırdı dilindən, elə bildim şəkərsən, 
Nə bilim ki, telindən məni dara çəkərsən. 
Axı necə bilərdim, məkrin ürək didərmiş… 
Əhdin bura qədərmiş…

Mən elə sanırdım ki, bir dünyadı, bir də sən, 
Bu günün həqiqəti, sabaha əfasənəsən. 
Sanırdım, mənə eşqdən bir saray hörəcəksən, 
Mənə gələn bəlaya sən sinə gərəcəksən, 
Demə, mənim umduğum xülya imiş, hədərmiş, 
Əhdin bura qədərmiş…

Deyirdin ki, şübhəsiz, sənsiz olsam, ölərəm, 
Şəksiz, sənin yolunda ürəyimi bölərəm. 
Deyirdin ki, uğrunda çətin sədlər aşaram, 
Günəş kimi parlayıb, dəniz kimi coşaram. 
Sözlərinin düz üzü sevinc, əksi kədərmiş, 
Əhdin bura qədərmiş…

Off… Daha gecdi, bir də eşq yarası sağalmaz, 
Sevgini alçaq tutan özü heç vaxt ucalmaz. 
Bu saxta məhəbbətin doydurmadı bir qarın, 
Eşqin kimi qırıqmış əhdin, sözün, ilqarın! 
Bülbül qəfəsdə olcaq, qarğa gülü dərərmiş… 
Əhdin bura qədərmiş…

Qanun Ümman Qahablı 
07 mart 2014
www.kafiye.net