Bəşər Üçün

Ey bəşər, insanlıq eşqi üçün siz, 
Amandı, silaha əl uzatmayın. 
“Sevin yarananı yaradan üçün” 
Amandı, silaha əl uzatmayın.

Min könlü ocağa çevirib silah, 
Min nəfəs sazağa çevririb silah, 
Min gözü bulağa çevirib silah… 
Amandı, silaha əl uzatmayın.

Hər mərmi ürəkdə hicran pərdəsi, 
Hər atəş qulaqda fəlakət səsi. 
Hər ölüm öldürər milyonca kəsi, 
Amandı, silaha əl uzatmayın.

Maddi maraqların qurbanı olub, 
Natiqsiz kürsünün heyranı olub, 
Amansız şeytanın şeytanı olub, 
Amandı, silaha əl uzatmayın.

Sülhü siyasətdən doğulacaqsa, 
Azadlıq düşünən dağılacaqsa, 
Haqlı göz yaşında boğulacaqsa, 
Amandı, silaha əl uzatmayın.

Bir körpə fəryadı, bir qoca səsi, 
Gəlin hıçqırtısı, ana naləsi. 
Olubdu dilimdə qəm təranəsi, 
Amandı, silaha əl uzatmayın.

Ümman, yazdıqların könül yaracaq, 
Duyan ürəklərə toxum salacaq. 
İnsanlar, gül əkin, gül dərin, ancaq 
Amandı, silaha əl uzatmayın.

Qanun Ümman Qahabli
www.kafiye.net