Bəyənmir 

Dünya tərsmi dönür axsaq öndədir, 
Palçıqmı ağarıb qarı bəyənmir.
Söyüdlər özünü bağ-bağat sayır,
Yulğunun kolları narı bəyənmir.

Ərlik ərdəmindən uzaq qalanlar,
Vətən qorumaqdan qaçaq qalanlar,
Yalaq qırağından yal yalayanlar,
Namusun yeyibdi,arı bəyənmir.

Xonçalar qoysan da ulaq başına,
Simu-zər çəksən də gözü qaşına,
İradlar tutsan da bəlli işinə,
Zəfəran adında barı bəyənmir.

Tərlanın yuvasın sarlar alıbdı,
Qarğalar qartaldan əfzəl olubdu,
Beçələr şahindən lələk çalıbdı,
Çil xoruz ədalı tarı bəyənmir.

Bir zaman başına dolanan kəslər,
Büdrəyib yıxılsan başını kəsər,
Dostlar uzaq gəzər,aşnalar küsər,
Şükür Elli olub yarı bəyənmir.

Elli Atayurd
www.kafiye.net