YAĞAN YAĞIŞLAR………

ƏLİ KİRAC VƏ AYGÜN RƏHİMLİ

Əli Kirac
Hər yağış yağanda elə bil gülüm,
O sənli günlərin leysanı başlar.
O saat qəlbimi ovudur əlim,
Səni üşütməsin soyuq yağıslar…

Aygün Rəhimli
İçimi bəlkələr, şübhələr yeyir,
Bulud həsrətimdən, qara don geyir.
Hər yağış damlası sevirəm deyir,
Məni üşütməz ki, yağan yağışlar…

Əli Kirac
Burda mən yalqızam,orda sən qərib,
Neyləyək bu hicran araya girib,
Həsrət körpüsünü yerlərə sərib,
Səni gətirməz ki, yağan yağışlar.

Aygün Rəhimli
Ayrılıq bizi yad elə daşıdı.
Qismet! Elə bildim, könlüm naşıdı.
Hər damcısı, gözlərinin yaşıdı
Məni üşütməz ki, yağan yağışlar…

Əli Kirac
Bu havada üşümürsən, nə gözəl,
Heç yubanma, bu sevgiyə geri gəl.
Mənsiz yanma, tək bu eşqə yan əzəl,
Səni gətirməz ki, yağan yağışlar.

Aygün Rəhimli
Kim dedi ki, üşüyəcəm, donacam?
Bəlkə “sən “deyib daha da, yanacam?
Uzaq başı bir azca islanacam,
Məni üşütməz ki, yağan yağışlar…

Əli Kirac
Yaşamaq çox çətin bu gecələri,
Gəzirəm sər- səfil boş küçəleri.
Gətirər o köhnə xatirələri,
Səni gətirməz ki, yağan yağışlar.

Aygün Rəhimli
Həsrətin gətirər, dumanı, çəni,
Bəlkə buludlardan soruşun səni?
Üşütsə, ayrılıq üşüdər məni,
Məni üşütməzki, yağan yağışlar…….

Əli Kirac
Birgə gedək bu sevdanın ardını,
Görən sonsuz bir səadət vardımı?
Bəlkə bilmir, heç yerini, yurdunu,
Səni gətirməz ki, yağan yağışlar.

Aygün Rəhimli
Ahımı dağlara yaya bilmədi,
İmdad diləyəndə duya bilmədi.
Ha yağdı, dərdimi yuya bilmədi,
Məni üşütməz ki, yağan yağışlar…

Əli Kirac
Buludların laylasıdı, oxunur,
Hər damlası ürəyimə toxunur,
Bir az rəngi solğun, amma özü nur,
Səni gətirməz ki, yağan yağışlar.

Aygün Rəhimli
Torpağa düşdükcə, torpaq oyanır,
Ucalardan enib yerdə dayanir.
Bəlkə yaqiş da, torpaq üçün “yanır”?
Məni üşütməz ki, yağan yağışlar…

Əli Kirac
Əli üçün bir umidsiz, bilirəm,
Ümid mənəm, yarım yoxdu ölürəm,
Daha gecdir, özüm sizə gəlirəm,
Səni gətirməz ki, yağan yağışlar.

Aygün Rəhimli

Qoy yağsın, bəlkə lal bəxti dindirə,
Rəhimlini göydən yerə endirə…
Eşqimizin odun çətin söndürə,
Məni üşütməz ki, yağan yağışlar..

Aygün Rəhimli
www.kafiye.net